Trump-ın keçmiş kampaniya rəhbərinə qarşı ittiham irəli sürülüb

Paul Manafort

-

ABŞ prezidenti Donald Trump-ın keçmiş seçki kampaniyası rəhbəri Paul Manafort-aUkrayna ilə bağlı fəaliyyəti ilə əlaqədar “Birləşmiş Ştatlara qarşı dələduzluq” əməlinə görə ittiham irəli sürülüb.

Oktyabrın 30-da açıqlanmış sənədlərdən məlum olur ki, Manafort və onun biznes şəriki Rick Gates-ə qarşı federal andlılar məhkəməsi tərəfindən ABŞ-a qarşı qəsd də daxil olmaqla 12 epizod üzrə cinayət işi qaldırırlıb.

Bu ittihamlara çirkli pulların yuyulması, qeydiyyatsdız xarici agent kimi fəaliyyət, sənədlərin saxtalaşdırılması və sair daxildir.

***

ABŞ prezidenti Donald Trump-ın keçmiş kampaniya rəhbəri Paul Manafort və onun biznes tərəfdaşı Rick Gates xüsusi prokuror Robert Mueller-in sanksiyasına uyğun olaraq hakimiyyət orqanlarına təslim olublar.

Mueller Rusiyanın 2016-cı il ABŞ prezident seçkisinə müdaxiləsini və Trump komandasının Rusiya hökuməti ilə mümkün sövdələşməsini araşdırır.

Manafort FTB-nin Vaşiqnton iqamətgahına oktyabrın 30-da gəlib.

Bundan əvvəl The New York Times və CNN anonim mənbələrə istinadən Manafort və Gates-in hakimiyyət orqanlarına təslim olacaqları barədə məlumat yaymışdı.

***

The Associated Press məsələdən xəbərdar mənbələrə istinadla yazır ki, Gates də təslim olub və hər ikisinin oktyabrın 30-da məhkəmə önünə çıxarılacağı gözlənir.

Manafort federal vergi qanunvericiliyinin mümkün pozuntusu, çirkli pulyuma, xarici lobbiçiliyin açıqlanmaması ittihamlarıyla istintaq altındaydı. The Wall Street Journal yazıb ki, ittihamlara vergi dələduzluğu da əlavə oluna bilər.

***

The New York Times və CNN anonim mənbələrə istinadla yazırlar ki, ABŞ prezidenti Donald Trump-ın seçki kampaniyasının keçmiş rəhbəri Paul Manafort-un hakimiyyətə təslim olması istənilir. Bu tələb Rusiyanın ABŞ-da ötənilki prezident seçkisinə iddia olunan müdaxiləsinə dair aparılan istintaq çərçivəsində irəli sürülüb.

*** Buna da bax: Trump-ın kampaniya meneceri Deripaska-ya nə təklif edib

Manafort-la keçmiş biznes tərəfdaşı Rick Gates-lə birlikdə federal hakimiyyətə təslim olmalıdır, The New York Times qəzeti belə yazır.

CNN-in məlumatına görə, Manafort bu əmri yerinə yetirməyə, təslim olmağa hazırlaşır. Reuters xəbər verir ki, Manafort-u oktyabrın 30-da evindən çıxan görüblər, amma hara getdiyi, hələlik, bəlli deyil.

İttihamlar dərhal açıqlanmasa da, bu xüsusi müşavir Robert Mueller-in istintaqında ciddi dönüş sayılır.

ABŞ kəşfiyyat rəsmiləri yanvarda belə bir qənaətə gəliblər ki, Rusiya prezidenti Vladimir Putin ötən il ABŞ-da seçki kampaniyasına “təsir göstərmək” göstərişi verib, məqsəd ABŞ demokratiyasına inamı sarsıtmaq, Trymp-ın rəqibi Hillary Clinton-un nüfuzu zədələmək, Trump-a kömək etmək olub.

Rusiya bu iddiaları rədd edib, Trump da Rusiyayla hər hansı əməkdaşlığa gedilmədiyini bildirib.


*** Buna da bax: Senatın kəşfiyyat komitəsində ‘Rusiya araşdırması’ haqda danışıblar

***

ABŞ mediası yazır ki, Rusiyanın ötən il ABŞ-da prezident seçkisinə iddia olunan müdaxiləsiylə bağlı istintaq çərçivəsində ilk həbs oktyabrın 30-da gerçəkləşə bilər. İstintaqı xüsusi müşavir Robert Mueller aparır.

Əvvəlcə CNN, daha sonra NBC, Reuters və digərləri ötən həftə xəbər yayıblar ki, artıq istintaq çərçivəsində ilk ittihamlar irəli sürülüb. Ancaq hədəfin kimliyi açıqlanmır.

Anonim mənbələrə istinadla yayılan xəbərlərə görə, federal böyük jüri ittihamnaməni təsdiqləyib, federal hakim də onu möhürləyib.

İttihamnamənin oktyabrın 30-da ictimaiyyətə açıqlanacağı gözlənir.

Mueller Rusiyanın ötənilki seçkiyə iddia olunan müdaxiləsini araşdırır, onu bu vəzifəyə Ədliyyə Departamenti təyin edib. Rusiyanın prezident postuna seçilmiş Donald Trump-ın seçki kampaniyası, yaxud keçid komandasıyla mümkün əlaqələri araşdırılır.

Trump Rusiyayla hər hansı əlaqəsinin olmadığını bildirib.

Ağ ev son məlumatları şərh etməyib.