Gələn ay Suriya konstitusiyasıyla bağlı danışıqlar ola bilər

Suriya, arxiv fotosu

-

Moskva gələn ay Suriya konstitusiyasına islahatlar üzrə danışıqlara ev sahibliyi edə bilər. Bunu Rusiyanın Suriya üzrə elçisi deyir.

“Bu məsələ hələ müzakirə olunmaqdadır”, – Aleksandr Lavrentyev oktyabrın 30-da Qazaxıstan paytaxtı Astanada Suriya sülh danışıqlarının birinci günündən sonra jurnalistlərə bildirib.

Rusiya Suriyada altı ildir davam edən vətəndaş müharibəsində prezident Bashar al-Assad rejimini dəstəkləyir. Lavrentyev-in sözlərinə görə, Assad digər suriyalılarla danışıqlarda iştirak etmək istəyər. Elçi deyir ki, danışıqlara həm hökumətpərəst, həm də ona qarşı çıxan qruplar qatılacaq. O, Assad-ın konstitusiya islahatı prosesini qəbul etməsini “çox vacib açıqlama” adlandırıb.

Lavrentyev-in deməsinə görə, BMT-nin Suriya üzrə elçisi Steffan de Mistura da Milli Dialoq Konqresi keçirmək ideyasını “prinsipcə” dəstəkləyib.

De Mistura-nın ofisi məsələni şərh etməyib.

Rusiya prezidenti Vladimir Putin də bu ayın əvvəlində belə bir toplantının mümkünlüyündən danışmışdı. Lavrentyev danışıqların Rusiyanın Suriyadakı Hmeimim hərbi bazasında keçirilə biləcəyini də istisna etməyib.