Yəməndə Səudiyyənin zərbəsindən 26 nəfər ölüb

Hava zərbəsindən sonra, 1 noyabr, 2017-ci il

Səudiyyənin rəhbərlik etdiyi hərbi koalisiyanın Yəmənə endirdiyi zərbədən azı 26 nəfər həlak olub. Hadisə Yəmənin şimalındakı Saadah vilayətində otel və bitişik bazarda baş verib.

Səudiyyə Ərəbistanıyla sərhəddə yerləşən Sahar bölgəsinə hücumda otel və bazar dağılıb.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi həbi alyans Yəməndə husi yaraqlılarına minlərlə belə zərbə endirib. Əsasən Saadah vilayətindən olan yaraqlılar indi ölkənin böyük hissəsinə nəzarət edirlər və hökumətə qarşı çıxırlar.

Koalisiyanın məqsədi beynəlxalq ictimaiyyətin tanıdığı hökuməti bərpa etməkdir. Ancaq münaqişə artıq humanitar böhran yaradıb və azı 10 min nəfərin həyatına son qoyub.

Səudiyyə və müttəfiqləri Birləşmiş Ştatlardan dəstək alırlar, husiləri İranla əməkdaşlıqda suçlayırlar.

Husilərsə ittihamları danır, Qərbin dəstəklədiyi xarici işğalçılara qarşı çıxdıqlarını deyirlər.