İki məhbusun qaçması məsələsi Ədliyyə Nazirliyinin oktyabrın 31-də keçirilən kollegiya toplantısında müzakirə edilib.
Bu haqda nazirliyin məlumatında yazılır.
Məlumatda bildirilir ki, kollegiyada oktyabrın 23-də iki təqsirləndirilən şəxsin qaçması ilə bağlı məruzə dinlənilib, aparılmış xidməti yoxlamanın ilkin nəticələri müzakirə edilib.
Buna da bax: PX: 'Qaçan məhbuslardan biri tutulub'
“Bununla bağlı Penitensiar Xidmətin 21 rəhbər və məsul işçisi ciddi intizam məsuliyyətinə cəlb edilib. O cümlədən 15 nəfər ədliyyə orqanlarından xaric olunub və ya tutduğu vəzifədən azad edilib. 4 nəfər, o cümlədən konvoy taborunun komandiri olmuş B.Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə cinayət məsuliyyətinə cəlb edilərək həbs olunub”, – nazirliyin məlumatında bildirilir.
Nazirlik həbsdən qaçmış şəxslərdən birinin tutulduğun xatırladır, digərinin axtarışı üzrə zəruri tədbirlərin davam etdirildiyini bildirir.
Buna da bax: Məhbusların qaçmasına görə tutulanlar və işdən azad olunanlar var [yenilənib]
Kollegiya toplantısında penitensiar xidmətdə nizam-intizamın möhkəmləndirilməsi, mühafizə tədbirlərinin gücləndirilməsi və əməkdaşların məsuliyyət hissinin artırılması ilə bağlı konkret tapşırıqların verildiyi bildirilir.
Xatırlatma
Oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda paytaxta gələn iki məhbus qaçmışdı.
Etibar Məmmədov və Əli Ağaminin qaçması ilə bağlı Cinayət Məcəlləsinin 304.2-ci (həbsdən mühafizə altından qaçma) və 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı-Astara-Bakı qatarından qaçan iki məhbusdan biri Əli Ağami Şirvan şəhərində tutulub.
Bu məsələ ilə bağlı bir neçə mülkü şəxsin də, o cümlədən müğənni Fədayə Laçının da həbs edildiyi bildirilir.