ABŞ konqresmenlərindən bəziləri təklif edirlər ki, Ağ ev Nyu Yorkda səkkiz nəfəri öldürməkdə təqsirləndirilən özbəyi Quantanamo həbsxanasına göndərsin.
Prezident Donald Trump noyabrın 1-də deyib ki, belə bir fikri var, ancaq bundan ötrü Sayfullo Saipov əvvəlcə “düşmən döyüşçüsü” sayılmalıdır. Trump Twitter-də daha sonra yazıb ki, Saipov-a “ölüm cəzası” kəsilməsini vacib sayır, çünki o, hücumdan sonra “xoşbəxt” olduğunu bildirib, İslam Dövləti (İŞİD) ekstremist qruplaşmasına bağlılığını dilə gətirib.
Kubadakı ABŞ bazasında yerləşən Quantanamo hərbi həbsxanasında əsasən ABŞ qüvvələrinin Əfqanıstan və İraq ələ keçirdiyi döyüşçülər saxlanır.
Trump-ın sələfi Barack Obama bu praktikanı pisləyib, həmin məhbusların təməl hüquqlarının pozulduğunu bildirib. Obama administrasiyası həbsxananı bağlamağı götür-qoy edirdi.
2008-ci ildən Quantanamoya məhbus göndərilməyib.
Saipov “qrin kart”ı olan ABŞ rezidenti olduğundan normal halda ölkənin mülki məhkəmə sistemi çərçivəsindəki hüquqları təmin edilməlidir.