Həmsədrlərlə görüş Moskvada olacaq

Elmar Məmmədyarov

«Noyabrın 16-da həmsədrlərə görüşəcəyəm».

APA-nın xəbərinə görə, bunu bu gün, noyabrın 2-si xarici işlər naziri Elmar Məmmədyarov Bakıda monteneqrolu həmkarı Srcan Darmanoviçlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, ATƏT-in Minski qrupunun həmsədrləri ilə görüş Moskvada keçiriləcək:

«Ondan bir neçə gün əvvəl isə Ermənistan prezidenti və mənim erməni həmkarım Moskvada olacaq. Təklif oldu ki, üçtərəfli görüş olsun. Hələlik, dəqiq olan odur ki, mən həmsədrlərlə Moskvada görüşəcəyəm».

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin hazırkı durumu müzakirə ediləcək.

«TORPAQLARI BOŞALT, BTQ-YƏ QOŞUL»

E.Məmmədyarov mətbuat konfransında Ermənistanın Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinə qoşula bilməsi ilə bağlı şərtlərə də toxunub . O deyib ki, bundan ötrü Ermənistan qoşunları Dağlıq Qarabağı və Azərbaycanın digər işğal edilən ərazilərini boşaltmalıdır.

«Layihəni idarə edəcək müştərək şirkət yaradılır. Ancaq mövqeyimiz belədir ki, Ermənistan layihəyə qoşulmaq istəyirsə, ilk növbədə işğal olunmuş torpaqları azad etməlidir, münaqişə həll olunmalıdır. Rəsmi Bakının mövqeyi aydındır», - E.Məmmədyarov bildirib.

2008-ci ildən tikintisi başlayan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılış mərasimi oktyabrın 30-da Bakıda keçirilib.

«Azərbaycanla energetika sahəsində əməkdaşlıqda maraqlıyıq».

Bunu isə Monteneqronun xarici işlər naziri Srcan Darmanoviç deyib. O, ölkəsinin TAP (Trans Anadolu Qaz Kəməri. Azərbaycan qazını Avropaya nəql edəcək Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi) layihəsində də maraqlı olduğunu söyləyib:

«Bu xətt vasitəsilə qaz Xorvatiyaya çata bilər. Digər imkanlar yaranarsa, diqqətlə bu prosesi izləyəcəyik ki, regionda enerji təchizatını şaxələndirək».

Bu gün, noyabrın 2-si Azərbaycanda səfərdə olan Monteneqronun xarici işlər naziri Srcan Darmanoviç əvvəlcə prezident İlham Əliyev, daha sonra isə həmkarı E.Məmmədyarovla görüşüb.