İşdən çıxarılan ADP-çi məhkəməyə üz tutub

Sizin brauzer HTML5-i dəstəkləmir

Milli Şuranın mitinqində olanlar [Yekun video]

Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini, ixtisasca həkim olan Həsrət Rüstəmov məhkəməyə müraciət edib. Oktyabrın əvvəlində işdən çıxarılan siyasətçi yenidən işə bərpa edilməsini istəyir.

Bu haqda onun özü bildirib.

H.Rüstəmov deyir ki, oktyabrın əvvəlində - müxalif siyasi qüvvələrin etiraz aksiyalarından öncə onu Bakı Şəhər Təcili Yardım Stansiyasında həkimlikdən uzaqlaşdırıblar. O, 5 il idi ki, həmin stansiyada çalışırdı.

H.Rüstəmov işdən çıxarılmağının sırf siyasi motivlərlə bağlı olduğunu söyləyib. O, artıq məhkəməyə müraciət edib. Müraciətində Bakı Şəhər Təcili Yardım Stansiyasındakı işinə bərpa olunması barədə qərar çıxarılması istənilir.

H.Rüstəmovun müraciətinə noyabrın 7-də hakim Pərviz Hüseynovun sədrliyi ilə baxılacaq.

O, bundan əvvəl də basqılara məruz qaldığını bildirmişdi. H.Rüstəmov oktyabrın 3-də müxalifətin mitinqində iştiraka görə Səbail Rayon Polis İdarəsində sorğu-sual edildiyini açıqlamışdı.

Ancaq siyasətçinin dediklərinə polis idarəsindən münasibət almaq mümkün olmamışdı.

«Demokratik Qüvvələrin Milli Şurasının sentyabrın 23-də keçirdiyi aksiyadan sonra mənə təzyiqlərə başlanmışdı. Ancaq heç düşünməzdim ki, təzyiqlər bu səviyyəyə çatacaq. Axı, hər zaman ictimai-siyasi fəaliyyətim göz önündə olmuşdu, mediaya açıqlamalarım davamlı idi, təzyiqlər bu həddə gəlib çatmamışdı», - işdən çıxarıldıqdan sonra H.Rüstəmov AzadlıqRadiosuna bildirmişdi.

Bakı Şəhər Təcili Yardım Stansiyası H.Rüstəmovun işdən çıxarılmasının səbəblərini indiyədək şərh etməyib.

XATIRLATMA

Müxalif partiya təmsilçiləri bundan əvvəl də siyasi baxışlarına görə işdən çıxarılmaları ilə bağlı şikayətlər dilə gətiriblər.

Demokratik Qüvvələrin Milli Şurası hələ bu ilin aprelində Bakıda etiraz aksiyası keçirmişdi. Həmin aksiyadan sonra Milli Şuraya daxil olan AXCP-nin üzvü olan bir neçə müəllimin işdən kənarlaşdırıldığı bildirilirdi. Onlardan ikisi Əflatun Əhmədzadə və onun xanımı sonradan məhkəmə qərarı ilə işlərinə bərpa ediliblər. Hər iki müəllim Neftçala rayonundakı məktəblərdə müəllim işləyirdilər. Rayon təhsil şöbəsindən onların tədris qaydalarını pozduqları, siyasi loyallıq prinsipinin ziddinə olaraq, hakimiyyəti tənqid etdikləri açıqlanmışdı.

Sonra isə Milli Şuranın aksiyasında iştiraka görə Azərbaycan Dövlət Dram Teatrının aktyoru Ayşad Məmmədov və bir poçtalyonun işdən çıxarıldığı bildirilmişdi. Hərçənd, rəsmi qurumlar onların sırf mitinqdə iştiraka görə cəzalandırıldıqları haqda deyilənləri təsdiq etməyiblər.