«Qaradağ» sahəsində qazma prosesi zamanı qəzada iki neftçi xəsarət alıb.
Bu barədə bu gün, noyabrın 3-ü Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb.
Məlumatda bildirilir ki, həmin neftçilərin vəziyyəti qənaətbəxşdir:
««Qaradağ» sahəsindəki 490 saylı quyuda qazma prosesi zamanı qəbul meydançasından köməkçi bucurqad vasitəsilə yuxarı işçi meydançaya qaldırılan borulardan biri yırğalanıb. Kompleks Qazma İşləri Trestinin «Qaradağ-Qalmaz» İstehsalat Bölümünün qazmaçı köməkçiləri - 52 yaşlı Fikrət Gözəlov və 53 yaşlı Cavad Ədilov xəsarət alıblar».
Məlumatda vurğulanır ki, hər iki zərərçəkən təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Hazırda xəsarət alan qazmaçılar xəstəxanada müalicə alırlar.
Səhiyyə Nazirliyindən isə APA-ya deyiblər ki, dünən, noyabrın 2-si 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilən F.Gözəlovun vəziyyəti ağırdır.
C.Ədilov isə Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alır.