Ukrayna separatçıların atəşkəsi pozduğunu bildirir

Donetskdə evi ziyan görmüş qadın, 5 noyabr, 2017-ci il

Ukraynanın Müdafiə Nazirliyi noyabrın 6-da bildirib ki, rusiyapərəst separatçılar son 24 saat ərzində ağır artilleriyadan yararlanmaqla Donetks regionunda atəşkəsi davamlı pozublar.

İki əsgərin yaralandığı bildirilir.

Nazirlik separatçıların atəşkəsi 23 dəfə pozduğunu, Avdiyivka və Opytne şəhərləri yaxınlığına qumbaratanlardan, 82 mm kalibrli minaatanlardan və ağır pulemyotlardan atəş açdığını bildirir.

Separatçıların Vodyane şəhəri yaxınlığında da tank əleyhinə qumbaratanlardan istifadə etdiyi vurğulanır.

Separatçılar atəşkəsin pozulması barədə bəyanat verməyiblər.

2014-cü ilin aprelində Ukraynanın Donetks və Luqanks regionlarında hökumət qüvvələriylə separatçılar arasında toqquşmalarda 10 mindən çox adam həlak olub.

Minsk razılaşmaları çərçivəsində elan olunan atəşkəs sövdələşmələri atışmanı azaltsa da, onu tamamilə dayandıra bilməyib.