Azərbaycan müdafiə naziri Zakir Həsənov Belçika Krallığına gedəcək.
Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, Z.Həsənov noyabrın 9-u Brüsseldə NATO-nun Əfqanıstandakı «Qətiyyətli Dəstək» missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində keçiriləcək görüşdə iştirak edəcək
Toplantıda müdafiə nazirinin Azərbaycanın Əfqanıstandakı beynəlxalq sülhməramlı əməliyyatların dəstəklənməsi missiyasına verdiyi töhfə, bu ölkə ilə müdafiə və təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlıq mövzusunda çıxışı nəzərdə tutulub.
Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.
NATO-nun «Qətiyyətli dəstək» missiyası 2015-ci ilin yanvarından həyata keçirilir.
XATIRLATMA
1994-cü ildən Azərbaycan NATO ilə əməkdaşlığa başlayıb. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr və sülhməramlı əməliyyatlar təşkil edib.
2002-ci ildə NATO-nun Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) qəbul edilib. 2003-ci ilin mayında Azərbaycan FTƏP-ə qoşulmaqdan ötrü rəsmi müraciət edib. 2005-ci ilin oktyabrında prezident İlham Əliyev Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq Əməliyyat Planını təsdiq edib.
Ancaq Azərbaycan rəsmiləri son illər açıq bəyan ediblər ki, qarşıya NATO-ya üzvilik məsələsi qoyulmayıb.
Müxalifət hesab edir ki, hakimiyyətin NATO ilə əməkdaşlığa sərhəd qoyması iki amillə bağlıdır. Bir tərəfdən, hakimiyyət Rusiyanı qıcıqlandırmaq istəmir, ikinci tərəfdən isə, islahatlardan çəkinir.