Şiələrin lideri kim olacaq

İraq şiələri

İran İraqda şiələrə liderliyi ələ almağa çalışır. “Reuters” informasiya agentliyi bu haqda məqaləsində sentyabrın əvvəlində İran rəsmisi Ayatollah Mahmoud Hashemi Shahroudi-nin İraqın Nəcəf şəhərinə səfərini yada salır.

69 yaşlı Shahroudi şiələrin müqəddəs yerlərindən sayılan İmam Əli məbədi yaxınlığındakı ofisində rəsmilər, ruhanilər, tələbələrlə görüşüb. İraqın indiki və keçmiş rəsmilərinin fikrincə, onun əsas məqsədi İraqdakı baş şiə ruhanisi, 87 yaşlı Ayatollah Ali Sistani-nin yerinə özünü hazırlamaq idi.

ZİDDİYYƏTLİ NAMİZƏD

Agentlik yazır ki, İraqda əsas diqqət İslam Dövləti (İŞİD) silahlı qruplaşmasıyla mübarizəyə yönəlsə də, ölkənin gələcəyi Nəcəfdə baş verənlərdən də eyni dərəcədə asılıdır.

Sistani yaşlanır, səhhəti barədə şayiələr dolaşır, onun yerinə kimin keçəcəyi qabarıq məsələyə çevrilir.

İraqın şiə fraksiyaları Sistani-nin varisinə təsir uğrunda savaşdığı bir məqamda şiə ölkəsi İran Shahroudi-ni dəstəkləyir.

*** Buna da bax: Taleh Bağırzadə Bakının şeyx al-Nimr-idir?

Agentliyin yazdığına görə, Shahroudi bu posta ziddiyyətli namizəd sayıla bilər. Nəcəfin aparıcı ruhaniləri İranın nüfuz savaşından xoşlanmırlar və Shahroudi-yə də şübhəylə yanaşırlar. Ancaq o, tələbələrin dəstəyini qazana bilər.

Hashemi Shahroudi (soldan birinci)

İndiyədək Sistani özünü İran siyasətindən ayrı tutub, bu səbəbdən onun ardıclıları da Tehrana yaxın birinin onun yerinə keçməsini istəməz.

“BU, TƏKCƏ DİN MƏSƏLƏSİ DEYİL”

İraqın keçmiş rəsmilərindən biri “Reuters”ə deyib: “İranlılar əllərindən gələni etməyə çalışacaqlar. Bu, təkcə din məsələsi deyil, siyasət onun bir hissəsinə çevrilib. Bu məsələ İraqın taleyini həll edəcək”.

Bir məqam da var ki, İran İraqda nüfuzunu onsuz da gücləndirib, şiələrin rəhbərlik etdiyi hökumətə mübahisəli əraziləri kürdlərdən almaqda yardım göstərib.

İnqilab Keşikçilərinin bölmə rəhbəri Qassem Soleimani özü şəxsən kürd liderlərini inandırıb ki, neftlə zəngin Kərkük kimi mübahisəli şəhərlərə iddialarından əl çəksinlər.

Agentlik nə Shahroudi, nə İnqilab Keşikçilərinin media ofisindən, nə də Sistani-nin ofisindən şərh ala bilib.

“İran İraqda növbəti şiə ruhanisinin kimliyinə təsir göstərə bilsə, illər boyunca bu ölkədə hakimiyyət üzərində nəzarəti saxlaya bilər. Üstəlik, Nəcəfdə baş ruhaninin İranın maraqlarına rəğbətlə yanaşması İranın ali dini lideri Ayatollah Ali Khamenei-nin rəqibinin də sıradan çıxması demək olar”, – məqalədə deyilir.

*** Buna da bax: Çeçenistan müftisi şiəliyin təbliğinə qarşı çıxmağa çağırıb

SHAHROUDİ DƏSTƏK QAZANMALIDIR

Sistani ictimaiyyət arasında nadir hallarda görünsə də, fətvalarına milyonlarla şiə əməl edir. Onun İŞİD-in sünni yaraqlılarına qarşı ayağa qalxmaqla bağlı fətvasından sonra qruplaşmanın 2014-cü ildə Bağdada doğru irəliləməsinin qarşısı alındı.

Ancaq ondan sonra şiə qrupları arasında toqquşmalar qaçılmaz görünür.

“Sistani evdə oturan zəif adam deyil, milyonları idarə edə bilir. Onun ölümündən sonra qanlı mübarizə başlanacaq”, – İraqın keçmiş rəsmisi deyib.

Nəcəfdəki mənbələr Sistani-nin ölənədək mövqeyində qalacağını bildirirlər. Görünür, Shahroudi onun yerinə keçə bilmək üçün sıravi şiələrin, tələblərin, digər ruhanilərin dəstəyini almalıdır.

Shahroudi Nəcəfə yad biri deyil, bu şəhərdə iranlı ailəsində doğulub. 1970-ci illərdə siyasi fəaliyyətinə görə həbs olunub, Saddam Hussein-in təhlükəsizlik qüvvələri tərəfindən işgəncəyə məruz qalıb. O, islam inqilabından sonra İrana köçüb, Khamenei 1989-cu ildə ali dini lider olandan yüksək məqamlar tutub. O, ictimaiyyət arasında adətən Khamenei-nin yanında oturur.