Prezident şahmat federasiyasını mükafatlandırdı

Prezident İlham Əliyev şahmat üzrə Avropa komanda çempionatının qaliblərindən ibarət nümayəndə heyətini qəbul edib.

Prezident İlham Əliyev azərbaycanlı şahmatçıların Avropa çempionu olması münasibətilə şahmat federasiyasını mükafatlandırıb.

Ölkə başçısı noyabrın 8-i bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, prezidentin ehtiyat fondundan Azərbaycan Şahmat Federasiyasına 1 milyon manat ayrılacaq.

Prezident bu gün, noyabrın 8-i Avropa çempionu adını qazanmış şahmatçıları qəbul etmişdi.

Dövlət başçısı həmin görüşdə demişdi ki, Azərbaycan növbəti böyük uğura imza atıb:

Buna da bax:​ Azərbaycanın kişi şahmatçıları Avropada birinci olub

“Bu dəfə idmanın şahmat növündə, intellektual idman növündə qazanılmış qələbə xüsusi əhəmiyyət kəsb edir”.

Prezident ölkədə idmanın inkişafından da danışmışdı:

“Bilirsiniz ki, bölgələrdə müasir şahmat məktəbləri, şahmat evləri yaradılır. Biz vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ənənəni bərpa etmişik. O vaxt – 1970-1980-ci illərdə demək olar ki, bütün bölgələrimizdə müasir şahmat məktəbləri açılıb. Əfsuslar olsun ki, 1990-cı illərin əvvəllərində onların bir çoxu bağlanıb, yaxud da ki, təyinatı dəyişdirilib, özəlləşdirməyə açılıb. İndi onların bir çoxunda digər obyektlər yerləşir. Biz isə bütün bölgələrdə yeni şahmat evlərinin, məktəblərinin tikintisi ilə bağlı çox ardıcıl iş aparırıq”.

Buna da bax:​ Kasparov ABŞ-da keçirilən beynəlxalq turnirdə 8-ci olub

Xatırlatma

Şahmat üzrə Avropa Çempionatı noyabrın 6-sı axşam başa çatmışdı.

Azərbaycan komandası sonuncu - doqquzuncu turda Ukrayna yığması ilə 2:2 hesabı ilə bərabərə qalıb, 14 xalla turnirin qalibi olmuşdu.

Sonuncu turda Almaniya yığmasını 3:1 hesabı ilə məğlub edən Rusiya komandası da eyni miqdarda xal toplamışdı. Ancaq Azərbaycan yığması əlavə əmsallara görə, yekunda Avropa çempionu adını qazanmışdı.

Yarışmada Rusiya ikinci, Ukrayna komandası üçüncü yeri tutub.