Nazirin Afrika İttifaqında müzakirələri...

Elmar Məmmədyarov

Xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 9-u Efiopiyaya səfəri çərçivəsində Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Görüşdə Azərbaycan və Afrika İttifaqı arasında əməkdaşlığın inkişaf etdirilməsi yollarına dair fikir mübadiləsi aparılıb.

Afrika İttifaqı yanında müşahidəçi statusunda Azərbaycanın son illər ərzində bu təşkilatla əlaqələrinin genişlənməsi məmnuniyyətlə qeyd olunub.

E.Məmmədyarov deyib ki, Azərbaycan ilə Afrika İttifaqı ölkələri arasında iqtisadi, təhsil, səhiyyə, informasiya texnologiyaları və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsindən ötrü geniş potensial mövcuddur. O əlavə edib ki, SSRİ dövründə Bakıda təhsil almış Afrikadan olan gənclər bu gün qitə ilə Azərbaycan arasında dostluq körpüsü rolu oynayırlar.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinə də toxunulub. E.Məmmədyarov deyib ki, Ermənistan Azərbaycanın ərazisinin bir hissəsini işğal edib.

M.F.Mahamat isə öz növbəsində deyib ki, Azərbaycanın Afrika İttifaqı ilə əməkdaşlığın inkişaf etdirilməsinə verdiyi əhəmiyyəti və qitə üzrə humanitar layihələri dəstəkləməsini yüksək qiymətləndirirlər. O, Afrika İttifaqının da Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

E.Məmmədyarov bundan başqa, Efiopiyaya səfəri çərçivəsində Afrika İttifaqının İqtisadi məsələləri üzrə komissarı Viktor Harrison və Sosial məsələləri üzrə komissarı Amira Elfadil ilə də görüşüb. Bu görüşlərdə də Afrika İttifaqı ilə Azərbaycan arasında siyasi, iqtisadi, logistika, elm-texnika, təhsil, gənclər siyasəti, idman və təhsil sahəsində əməkdaşlıq məsələlərinə toxunulub.

Xarici işlər naziri E.Məmmədyarov habelə, Afrika İttifaqının Sülh və Təhlükəsizlik məsələləri üzrə komissarı Smail Şərqi ilə də görüşüb.

XATIRLATMA

E.Məmmədyarov noyabrın 8-də Efiopiya səfər edib.

E.Məmmədyarov noyabrın 8-də Efiopiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin prezidenti Mulatu Teşome ilə görüşüb. Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.

O, Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində yerləşən Afrika İttifaqının və BMT-nin Afrika üzrə İqtisadi Komissiyasının mənzil qərargahlarına da gedərək bir sıra müzakirələr aparıb.