REAL yenidən qurultaya yer istədi

REAL-ın qərargahı

Respublikaçı Alternativ (REAL) Hərəkatı qurultay keçirməyə yer ayrılmasından ötrü üçüncü dəfə Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib.

Bu haqda hərəkatın məlumatında yazılır.

Məlumata görə, müraciət Respublikaçı Alternativ Partiyası təşəbbüs qrupu adından göndərilib.

Müraciətdə vurğulanır ki, partiyanın təsis qurultayının keçirilməsinə qərar verilib. Tədbirin keçirilməsindən ötrü azı 400 nəfərlik məkanın ayrılmasına ehtiyac var.

BŞİH-dən xahiş edilir ki, qurumun balansında olan münasib məkanı 18, 19, 25, 26 noyabr və ya 2, 3 dekabr tarixlərində qurultayın keçirilməsindən ötrü onlara ayırsın.

Buna da bax:​ 'Lotu Quli azadlığa buraxılırsa, İlqar Məmmədov niyə buraxılmasın?'

Müraciətə 15 gün ərzində cavab verilməsi istənilib.

Bu, REAL-ın BŞİH-ə ilk müraciəti deyil. Bundan öncə BŞİH-ə iki dəfə eyni məqsədlə müraciət edilib..

REAL Hərəkatı bu il oktyabrın 29-da qurultay keçirmək niyyətində idi. Qurultayda hərəkatın partiyaya çevriləcəyi gözlənirdi. Bu qərar sentyabrın 24-də hərəkatın rayonlardan və Bakıdan gələn təmsilçilərinin iştirakı ilə qəbul edilmişdi. Həmin qərardan sonra Təşəbbüs Qrupu qurultaya yer ayrılmasından ötrü Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. Müraciət Bakı Şəhər İcra Hakimiyyəti Mədəniyyət və Turizm Baş İdarəsinə göndərilmişdi.

Buna da bax:​ AŞPA Avropa Məhkəməsini İlqar Məmmədova görə tələsdirir

Ancaq Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi Respublikaçı Alternativ Partiyası Təşəbbüs Qrupunun təsis qurultayı keçirməkdən ötrü yer ayrılması xahişi ilə müraciətinə müsbət cavab verməmişdi. Cavabda onların məktubda qeyd etdikləri məkanda tədbirin keçirilməsi mümkün sayılmamışdı. Hərəkat ikinci müraciətlə də istəyinə nail ola bilməmişdi.

XATIRLATMA

REAL Hərəkatı 2009-cu ildə təsis edilib. Hərəkat respublikaçılıq ideyalarını üstün tutur.

Hərəkatın sədri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə bağlı həbsə alınıb. O, kütləvi iğtişaşların təşkilində ittiham edilərək, məhkəmənin qərarı ilə 7 il azadlıqdan məhrum edilib. Avropa İnsan Hüquqları Məhkəməsi onun həbsdən azad olunması ilə bağlı qərar verib. Ancaq o, hələ ki, azadlığa buraxılmayıb.