Hariri deyir, Livana sanksiya qoyula bilər

Saad al-Hariri

Ötən həftə Livanın baş nazirliyindən istefa vermiş Saad Hariri deyir ki, ölkəsi Körfəz ölkələrinin sanksiyaları riskiylə üz-üzədir, səbəb də İranın dəstəklədiyi Hizballah təşkilatının Livandakı fəaliyyətidir.

Hariri bunu noyabrın 12-də Səudiyyə Ərəbistanından verdiyi televiziya müsahibəsində deyib. O, bir həftə öncə Livanın baş naziri postundan istefa verib, Livanda həyatı üçün qorxduğunu söyləyib.

Hariri deyib ki, onun istefasının səbəbi ölkəsində “müsbət şok yaratmaq” olub. O, İranın müdaxiləsiylə bağlı xəbərdarlıq edib, deyib ki, bu müdaxilə ərəb ölkələriylə münasibətləri pozub.

“Hizballah-a qarşı Amerikanın sanksiyaları var, onlara ərəb sanksiyalarını da əlavə edək? Bir livanlı olaraq, bunda marağımız nədir? Çünki bu gün İran və Hizballah-ın Yəmən və Bəhreynə müdaxiləsini görürük”, – Hariri vurğulayıb.

“Məhsullarımızı haraya ixrac edirik – ərəb ölkələrinə deyil? Oğullarımız harada işləyir...? Bu marağımızı saxlamalıyıq, bu maraq təhdid olunub və bu səbəbdən elədiyimi elədim”, – Harisi söyləyib.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb ölkələri koalisiyası kiçik körfəz ölkəsi olan Qətərlə bütün diplomatik və kommersiya əlaqələrini kəsib. Koalisiya Qətərin İranla çox sıx münasibətlər saxladığını, regional terrorçuluğu maliyyələşdirdiyini bildirib.