Bakıda çoxmənzilli yaşayış binalarının tikinti yerlərində aparılan monitorinqlər zamanı 557 işçidən 175-nin müqaviləsiz çalışdığı aşkar olunub.
Bu haqda Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin açıqlamasında bildirilir.
Məlumatda vurğulanır ki, mərkəz ümumilikdə 15 səyyar monitorinq həyata keçirib. Monitorinqlər Bakıda çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan - 15-i sifarişçi, 9-u podratçı, 17-si subpodratçı olmaqla - 43 hüquqi və fiziki şəxsi əhatə edib. Məqsəd qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi vəziyyətini öyrənmək olub.
Monitorinq nəticəsində aşkar olunmuş faktlar müvafiq tədbirlərin görülməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Baş Prokurorluğa göndərilib.
Əmək Məcəlləsinə görə, işçilərin əmək müqaviləsi olmadan işə cəlb edilməsində 7 min manatdan 10 min manatadək cərimə və ya üç ilədək həbs nəzərdə tutulur.
XATIRLATMA
Prezident İlham Əliyev bu il aprelin 28-də tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsi haqqında fərman imzalayıb. Sənəddə bildirilir ki, məqsəd tikinti sahəsində vətəndaşların əmək hüquqlarının qorunması, sosial təminatlardan yararlanmasının təmin edilməsi və əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin gücləndirilməsidir.
Fərmana görə, ilkin mərhələdə Bakıda tikinti sektorunda qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması məqsədilə pilot layihə həyata keçiriləcək. Layihə çərçivəsində tikinti obyektlərinin, obyektlərin inşası ilə məşğul olan fiziki və hüquqi şəxslərin elektron reyestrinin yaradılması nəzərdə tutulurdu. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi həmin reyestrlə inteqrasiya edilməlidir.
Fərmanda həmçinin, əmək müqaviləsi olmadan işə cəlb edilən şəxslərin müəyyən edilməsi məqsədilə tikinti obyektlərində müşahidə kameralarının quraşdırılması nəzərdə tutulur. Kameralar tikintini həyata keçirən fiziki və ya hüquqi şəxslərin vəsaiti hesabına quraşdırılmalıdır.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin yaradılması da elə bu fərmandan irəli gəlirdi.