Qida təhlükəsizliyi institutu yaradılır

Arxiv fotosu

Bu gün, noyabrın 13-ü prezident İlham Əliyev Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Fərmana görə, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə” və onun strukturu təsdiq edilməlidir.

Sənədə vurğulanır ki, Qida Təhlükəsizliyi Agentliyi Aparatının işçilərinin say həddi 75 ştat vahidi müəyyən edilməlidir.

Bundan başqa, Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində publik hüquqi şəxs statuslu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu yaradılmalıdır.

Buna da bax: 'Bahalı yağların qablaşdırılmasında karton sifarişi artıb'

Sənəddə qeyd edilir ki, institut qida məhsullarının təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmalar aparmalı, elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsini həyata keçirməli və bu sahədə texniki normativ hüquqi aktların layihələrini hazırlamalıdır.

İnstitutun yenidən təşkil və ləğv edilməsi prezidentin səlahiyyətində olacaq.

Nazirlər Kabineti Qida Təhlükəsizliyi Agentliyinin yaradılması ilə əlaqədar qanunların uyğunlaşdırılmasından ötrü təkliflərini üç ay müddətində hazırlayıb prezidentinə təqdim etməlidir.

Buna da bax: Ekspert: 'Bəzən südə təbaşir, sabun, soda, əhəng və hətta gips qatırlar'

Bir ay ərzində institutun nizamnaməsi və strukturu təsdiq edilməlidir. Sənəddə görə habelə, Əmlak Məsələləri Dövlət Komitəsi Agentlik ilə birlikdə institutun maddi-texniki təminatı ilə bağlı məsələləri iki ay müddətində həll etməlidir.

Xatırlatma

Prezident İlham Əliyev fevralın 10-da “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycanda qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni, risklərin təhlilini, qanunla müəyyən edilmiş qaydada gigiyenik sertifikatlaşdırma işinin aparılmasından ötrü Qida Təhlükəsizliyi Agentliyi yaradılıb.

Agentlik, ixrac edilən qida məhsullarına keyfiyyət sertifikatının verilməsini, istehlakçıların hüquqlarının müdafiəsi və “tarladan süfrəyədək” prinsipi əsasında qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsini təmin etməlidir.