Vəkil Qobustan həbsxanasından xəbər gətirib

Abbas Hüseynov

«Abbas Hüseynovun əhvalı yaxşıdır və saxlanma şəraitində müəyyən dəyişiklik baş verib».

Vəkil Cavad Cavadov belə deyib. O, noyabrın 13-də «Müsəlman Birliyi» Hərəkatının sədr müavini Abbas Hüseynovla görüşüb.

Vəkilin deməsinə görə, A.Hüseynov tavanı tökülən və bərbad durumda olan kameradan nisbətən təmirli, lakin beş nəfərlik kameraya keçirilib.

«Bununla belə, ümumən əvvəlki problemlər də qalmaqdadır. Ayaqyolu hər hansı arakəsmə olmadan kameranın daxilində yerləşir. Su sutkada üç dəfə 2-3 saat verildiyindən təzyiqi çox aşağı düşür. Su ehtiyatı yığmaqda ciddi çətinlik yaranır», - vəkil bildirib.

Vəkilin deməsinə görə, A.Hüseynov bildirib ki, gündəlik bir saatlıq gəzinti ilə bağlı da problemlər var. Hər gün başqa-başqa vaxtlarda gəzintiyə çıxarılırlar.

«O, buna etirazını bildirib və buna görə ona əsassız töhmət verilib», - C.Cavadov bildirib.

C.Cavadov həbsxanada «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və İslam Partiyasının lideri Mövsüm Səmədovla da görüşüb. Vəkil deyir ki, onların əhvalı normaldır, Taleh Bağırov mütaliə ilə məşğuldur.

C.Cavadov həmçinin, Qobustanda yerləşən həbsxanada məhkumların saxlanılma şəraitində olan problemlərlə bağlı müdiriyyətdən bilgilər aldığını də ifadə edib. Onun deməsinə görə, problemlər binanın köhnə olması və infrastruktur ilə izah edilir. Vəkilə bildiriblər ki, hazırda Bakının Umbakı qəsəbəsində yeni həbsxana inşa olunur.

XATIRLATMA

2015-ci ilin noyabrında hüquq-mühafizə orqanlarının Nardaranda keçirdiyi xüsusi əməliyyat zamanı ikisi polis olmaqla, 6 nəfər həlak olub. Hadisələrdən sonra 70-dən çox insan həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə il yarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Üç qrupa ayrılan cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Artıq «Müsəlman Birliyi» Hərəkatının sədri T.Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırova, A.Hüseynova 20 il, Cabbar Cabbarova 19 il, digərlərinə isə 10 ildən 19 ilədək həbs cəzası verilib.

Onlar ittihamları qəbul etmirlər. Saxlanan zaman və ifadələri alınarkən işgəncələrə üzləşdiklərini bildiriblər. Ancaq məhkəmədə ifadə verən hüquq-mühafizə əməkdaşları bu iddiaları qəbul etməyiblər.

Mövsüm Səmədov isə 2011-ci ildə hakimiyyətin zorla ələ keçirilməsinə və dövlət quruluşunun dəyişdirilməsinə cəhd ittihamı ilə 12 il azadlıqdan məhrum edilib. O da ittihamları qəbul etmir.