Tiryək istehsalı 87 faiz artıb

Əfqan əsgərləri narkotikləri yandırmağa hazırlaşırlar, 2 noyabr, 2017-ci il

Bu il Əfqanıstanda 9 min ton tiryək istehsal olunub ki, bu da ötən illə müqayisədə 87 faiz çoxdur. Bunu noyabrın 15-də açıqlanmış hesabat üzə çıxarıb.

Rəqəmləri Əfqanıstan Narkotiklərlə Mübarizə Nazirliyi və BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi (UNODC) açıqlayıb.

Əfqanıstan tiryək və heroinin hazırlandığı xaşxaşın yetişdirildiyi əsas ölkədir.

“Əfqanıstanın və beynəlxalq ictimaiyyətin narkotiklərə nəzarəti önə çəkməsi, hər bir ölkənin bu qlobal problem üçün birgə məsuliyyət daşımasını etiraf etməsinin vaxtı çatıb”, – UNODC rəhbəri Yury Fedotov bəyanatında deyib.

Hesabatda qeyd olunur ki, bu il xaşxaş yetişdirilən 750 hektar ərazi təmizlənib və bu, ötənildəkindən iki dəfə çoxdur.

Ancaq yenə də becərilən ərazilər rekord səviyyədədir – 328 min hektar. Bu, ötənilki 201 min hektardan 63 faiz artıqdır.