Peşə təhsilinə yeni düzənləmə gəlir

Geniş həyəti, iki korpusu olan bir ərazidə yerləşən Bakı 14 saylı Peşə Məktəbində səssizlikdir

Milli Məclis «Peşə təhsili haqqında» Qanun qəbul etməyə hazırlaşır. Bu gün, noyabrın 15-i parlamentin Elm və təhsil komitəsində həmin qanun layihəsi müzakirə edilib.

APA-nın xəbərinə görə, qanun layihəsini təqdim edən komitə sədri İsa Həbibbəyli bildirib ki, sənəd 5 fəsil, 26 maddədən ibarətdir. Layihə peşə təhsili sahəsində dövlət siyasətinin prinsiplərini, peşə təhsili və təlimi sisteminin əsaslarını müəyyən edir.

Qanun layihəsinə görə, peşə təhsili almış şəxslərə növbəti təhsil pilləsinə qəbul prosesində iştirakdan ötrü bir çağırış müddətinə həqiqi hərbi xidmətdən möhlət hüququ verilir.

Buna da bax: İşsiz-peşəsiz peşə məktəbləri...

Qanun əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də peşə təhsili müəssisəsinin təsisçisi ola bilmək imkanı verəcək.

Layihədə həmçinin, peşə təhsili müəssisələrinə lisenziyaların müddətsiz verilməsi təklif olunur.

Qanun layihəsinin müzakirəsində Təhsil Nazirliyinin təmsilçiləri də iştirak ediblər.

Nazirlik yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev bildirib ki, ölkədə peşə təhsili ilə bağlı strukturun dəyişdirilməsini təklif edirlər.

Buna da bax: Yeni direktor gələn kimi qarderobçu qızı işdən azad etdi

«Biz təklif edirik ki, peşə təhsili üçpilləli olsun: ilk peşə təhsili, texniki peşə təhsili və yüksək texniki peşə təhsili. Amma burada yüksək peşə təhsili ali təhsil deyil. Bu təhsil subbakalavr dərəcəsinin verilməsi ilə bitəcək. Yüksək texniki peşə təhsili dedikdə, yüksək bacarıqlara malik olma nəzərdə tutulur. Müasir dünyada bilik əsasdır. Peşə təhsilində isə bacarıqlar vacibdir. Ona görə də peşə təhsili bacarıqların formalaşdırılması üzərində təşkil edilməlidir», - o, bildirib.

XATIRLATMA

Sovetlər dönəmində də peşə təhsilinin belə üstünlükləri var idi. Onda da peşə təhsilini başa vuran şəxslərə növbəti təhsil pilləsinə qəbul prosesində iştirakdan ötrü bir çağırış müddətinə həqiqi hərbi xidmətdən möhlət hüququ verilirdi.