BMT-də Suriyayla bağlı səsvermə olacaq

Apreldə Suriyanın Xan Şeyxun şəhərinə kimyəvi qaz hücumunda 88 nəfər həlak olub

Noyabrın 16-da BMT-nin Təhlükəsizlik Şurası Suriyada kimyəvi silah hücumlarıyla bağlı təhqiqatın yenilənməsini səsə qoyacaq. ABŞ və Rusiya məsələ üzrə fərqli təkliflər irəli sürüblər.

BMT-nin təhqiqatı Suriya hökumətinin bu ilin aprelində qadağan olunmuş sarin qazından istifadə etdiyini üzə çıxarıb. Rusiya buna etiraz edib. Təhqiqatçıların mandatı noyabrın 16-da bitir.

ABŞ Moskvanın dəstəyini qazanmaqdan ötrü təklifə bəzi dəyişikliklər edib. Ancaq diplomatların fikrincə, Rusiya mandatın uzadılmasıyla bağlı ABŞ-ın təklifinə veto qoyacaq.

Rusiya təhlükəsizlik şurasının veto hüququ olan beş daimi üzvündən biridir.

Diplomatlar Moskvanın mandatın birilliyə uzadılmasıyla bağlı təklifinin də gərəkən 9 səsi ala bilməyəcəyini düşünürlər. Rusiya təhqiqat mexanizmini tamamilə dəyişdirməyə çağırır.

Rusiya Suriyada altı ildir gedən vətəndaş müharibəsində prezident Bashar al-Assad-ı dəstəkləyir.