2017-ci ilin yanvar-oktyabr aylarında pərakəndə satılan məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini 2.1 faiz üstələyib, 28 milyard manata çatıb.
Dövlət Statistika Komitəsinin məlumatında belə yazılır.
Məlumatda bildirilir ki, ticarət dövriyyəsinin 14.2 milyard manatını ərzaq, 13.8 milyard manatını isə qeyri-ərzaq məhsulları təşkil edib.
Satılmış məhsulların dəyərinin 2016-cı ilin eyni dövrünün göstəricilərini müvafiq olaraq 1.5 və 2.8 faiz üstələdiyi bildirilir.
Bu ilin 10 ayında ölkədə ərzağın təqribən 18 faiz bahalaşdığı bildirilir.
XARİCİ TİCARƏTDƏ MÜSBƏT SALDO YARANIB
Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-sentyabr aylarında Azərbaycan 112 ölkəyə məhsul ixrac edib. 179 ölkədən isə məhsul idxal olunub.
Həmin aylarda Azərbaycanın xarici ticarət dövriyyəsi 17 milyard 221.7 milyon dollar təşkil edib. İxracın dəyəri 11 milyard 44.1 milyon, idxalın dəyəri isə 6 milyard 177.6 milyon dollar olub. Nəticədə 4 milyard 866.5 milyon dollarlıq müsbət ticarət saldosu yarandığı bildirilir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsinin faktiki qiymətlərlə 9.2 faiz artdığı, real ifadədə isə 11.9 faiz azaldığı bildirilir. Azalma ixracda 8.3, idxalda isə 17.6 faiz təşkil edib.