İraqda sonuncu şəhər də İŞİD-dən təmizlənib

İraq, arxiv fotosu

ABŞ koalisiyasının dəstəklədiyi İraq qüvvələri İslam Dövləti (İŞİD) yaraqlılarının əlində olan sonuncu şəhəri də azad ediblər. Məlumatı İraqın Müdafiə Nazirliyi yayıb.

Nazirlik noyabrın 17-də yaydığı bəyanatda bildirib ki, qərbi Ənbar vilayətindəki Rava şəhərinin qərb məhəllələri də ekstremistlərdən təmizlənib. Rəsmilər İraq hökumət qüvvələrinin şəhərə nəzarəti tam ələ aldıqlarını bildiriblər.

İŞİD üç il öncə İraq ərazisinin üçdə birini tutub. Elə 2014-cü ilin sonlarında ABŞ koalisiyası yaraqlılara hava zərbələri kampaniyasına başlayıb. Bu ilin iyulunda hökumət qüvvələri ölkənin ikinci böyük şəhəri olan Mosulu da azad edə biliblər.