«Qadın sahibkarlığının inkişafı vacibdir. Çünki qadınlar rüşvətə, korrupsiyaya az meyllidir».
Milli Məclisin deputatı Vahid Əhmədov Bakıda keçirilən «Azərbaycanda qadın sahibkarlığın inkişafı» mövzusunda konfransdakı çıxışında belə deyib.
Konfrans noyabrın 17-si ABŞ hökumətinin və BMT-nin İnkişaf Proqramının (UNDP) maliyyə dəstəyi ilə baş tutub.
ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) isə konfransı təşkil edib.
V.Əhmədov bildirib ki, Azərbaycanda sahibkarlıq haqqında qanunvericilik qadınların sahibkarlıq fəaliyyətini təşviq edir. Ölkədə sahibkarlığa mane olan amillərə də toxunan deputat hələ də Rəqabət Məcəlləsinin qəbul edilmədiyini vurğulayıb.
«Çünki bazarda inhisarçılıq mövcuddur», -deyən deputat bank-maliyyə sistemindəki problemlərdən danışıb. O vurğulayıb ki, MDB-də ən böyük kredit faizləri Azərbaycandadır.
USAID-in Azərbaycandakı missiya rəhbəri Mikaela Meredis sahibkarlığa dəstəyin ABŞ hökumətinin başlıca prioriteti olduğunu bildirib.
«Sahibkarlıq iş yerləri yaradır. Habelə, sabitlik və firavanlığa töhfə verir. Qadınlar öz biznesini yaradıb idarə edə bildikdə, iqtisadi inkişafda güclü rol oynaya bilirlər. Bütün dünyada qadınların öz iqtisadi arzularını həyata keçirmək imkanına malik olduğu ölkələrdə iqtisadiyyat çiçəklənir. Qadınlar möhtəşəm ideya və əzmkarlıqla öz ideyalarını reallığa çevirə və ətraflarındakı dünyanı dəyişə bilərlər. Yetər ki, onlara bunun üçün resurslar verilsin», - missiya rəhbəri deyib.
BMT-nin rezident əlaqələndiricisi Qulam İsaqzai isə deyib ki, Azərbaycan nümayəndəliyi resurslarının əhəmiyyətli qismini qadın sahibkarlara kömək etməyə sərf edir. Habelə, işgüzar qadınları nümunə kimi təşviq edirlər.