Saakashvili deyir, baş nazir olmağa hazırdır

Mikheil Saakashvili bazar günü etiraz aksiyasında

Ukraynanın Odessa regionunun keçmiş qubernatoru Mikheil Saakashvili Kiyevdə etirazçılara deyib ki, “Ukraynada yeni hökumət yaratmağa” və ölkənin baş naziri olmağa hazırdır.

“Ukraynaya təcili yeni hökumət formalaşdırmaq lazımdır”, – Saakashvili noyabrın 19-da bir neçə yüz etirazçının parlament binası qarşısında qurduğu çadır şəhərciyində söyləyib.

*** Buna da bax: Mixeil Saakaşvili: 'Əgər məni öldürsələr...'

“GƏLİN YENİ HÖKUMƏT QURAQ”

“Sizinlə birlikdə bu prosesi irəli aparmağa və lazım gələrsə, hökumətə başçılıq etməyə hazıram”, – o vurğulayıb.

“Gəlin, Ukraynanın yeni hökumətini quraq. Hər şeydən öncə Ukraynanın qayğısına qalan, ona sayqıyla yanaşacaq və inkişaf etdirəcək ukraynalıları tapacağıq”, – Saakashvili bildirib.

Antihökumət etirazçıları oktyabrın 17-də Verkhovna Rada qarşısında çadır şəhərciyi qurublar. Onlar parlament toxunulmazlığının ləğvini, antikorrupsiya məhkəməsinin qurulmasını, seçki qanunvericiliyinə və prezidentin impiçmenti qanununa dəyişiklik tələb edirlər.

Etirazları ilkin olaraq Saakashvili çağırsa da, sonradan ölkənin müxalif siyasi liderlərinin çoxu onlara qoşulub.

Vaxtilə prezident Petro Poroshenko-nun müttəfiqi olmuş Saakashvili Yeni Qüvvələr Hərəkatına rəhbərlik edir. O, etirazçılara söyləyib ki, hakimiyyət tələblərinə əməl etməsə, dekabrın 3-dən Poroshenko-nun və digər liderlərin “xalq impiçmenti”nə başlamalıdırlar.

*** Buna da bax: Saakaşvili sürücüsünün döyüldüyünü deyir​

X GÜNÜ

“Dekabrın 3-ü xalq impiçmentinin başlanğıcı olacaq. Dekabrın 3-dək başlatdığımız işi davam etdirəcəyik. 3 dekabr hamımızdan ötrü X Günüdür. Gəlin təşkilatlanaq. Ölkəni gəzib əhalini dinc yolla ayağa qaldıracağam”, – Saakashvili söyləyib.

O, 2004-2013-cü illərdə Gürcüstanın prezident olub. Hazırda ölkəsində dövlət çevrilişinə cəhdin təşkilində şübhəli bilinir, amma özü ittihamları qəbul etmir.

2015-ci ildə Poroshenko Saakashvili-ni Odessanın qubernatoru təyin edib və ona Gürcüstan vətəndaşlığı verib. Saakshvili 2016-cı ilin noyabrına istefa verib, Poroshenko-nun müttəfiqlərinin onun islahat cəhdlərini əngəllədiyini söyləyib.

2017-ci ilin iyununda Poroshenko Saakashvili-ni vətəndaşlıqdan məhrum edib. Hazırda bu addıma qarşı məhkəmə iddiası qaldırmış Saakashvili sentyabrın 10-da Polşadan Ukraynaya keçib, siyasətə qayıtmağa and içib, etirazlara çağırıb.

Poroshenko etirazların əsl səbəbinin Ukraynada sabitsizlik yaratmaq olduğunu deyir.

Ukraynanın nüfuzlu baş prokuroru olan Yuriy Lutsenko Saakashvili və tərəfdarlarını xarici maliyyə hesabına dövlət çevrilişi planlaşdırmaqda ittiham edib.