G.Bayramlının məhkəməsi Qazaxda olacaq

Sizin brauzer HTML5-i dəstəkləmir

Gözəl Bayramlı barədə 3 aylıq həbs qətimkan tədbiri seçildi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlının cinayət işinə Qazax Rayon Məhkəməsində (Bakıdan 460 kilometr qərb) baxılacaq.

Məhkəmənin vaxtı gələn həftə təyin ediləcək. Bunu vəkil Zibeydə Sadıqova bildirib. Onun deməsinə görə, G.Bayramlı Gəncə İstintaq Təcridxanasına köçürüləcək.

AXCP sədrinin müavini G.Bayramlı mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Mayın 26-da Səbail Rayon Məhkəməsində onun barəsində ilkin olaraq üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bu müddət daha iki dəfə uzadılıb.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur. G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır.

O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda üç dəfə əməliyyat olunduğunu bildirib.

G.Bayramlının istintaqı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində aparılıb. İstintaq artıq bitib.