Prezident FIFA prezidentini qəbul edib

Prezident İlham Əliyev FIFA-nın prezidenti Gianni İnfantino-nu qəbul edib.

Azərbaycan prezidenti İlham Əliyev bu gün, noyabrın 20-də FIFA prezidenti Canni İnfantinonu (Gianni Infantino) və təşkilatın baş katibi Fatma Samouranı qəbul edib.

AzərTAC-ın xəbərinə görə, görüşdə prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafından bəhs edib.

İlham Əliyev deyib ki, futbol Azərbaycanda prioritet sahələrdən biridir. Onun deməsinə görə, idmanın bu növünün inkişafı ilə bağlı ölkədə xüsusi proqram qəbul edilib.

Buna da bax:​ Prezident 'Qarabağ'a 2 milyon ayırdı

FIFA prezidenti Canni İnfantino isə öz növbəsində Bakının “Avro-2020”yə ev sahibliyi edəcək 13 şəhərdən biri olmasının əhəmiyyətini qeyd edib. O bildirib ki, ölkədə futbol infrastrukturunun yaradılması bu idman növünün inkişafına xidmət edir.

Xatırlatma

Noyabrın 21-i Bakıda FIFA İcraedici Futbol Sammiti keçiriləcək. Tədbirdə FIFA-nın prezidenti Canni İnfantino, FIFA-nın baş katibi Fatma Samoura və Azərbaycana yaxın regionda yerləşən ölkələrin futbol federasiyalarının təmsilçiləri iştirak edəcək.

Bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb.

Sammit iştirakçılarının siyahısına Əfqanıstan, Tacikistan, Türkmənistan, Benin, Çad, Cibuti, Özbəkistan, Belarus, Gürcüstan, Qazaxıstan, Latviya, Moldova, Ukrayna və Rusiya futbol federasiyaları daxildir.