HIV-dən müalicə olunanların sayı 21 milyona çatır

Ötən ilin dekabrında Tehranda AIDS barədə sərgi təşkil olunmuşdu

Dünyada HIV-nin (azərbaycanca İİV-İnsanın immun çatışmazlığı virusu) müalicəsi üzrə gözəçarpan irəliləyiş əldə olunub. 1 dekabr – Ümumdünya AIDS günü ərəfəsində, UNAIDS yeni hesabatında bu xəstəlikdən müalicəyə çıxışın yaxşılaşdığını bildirib.

2000-ci ildə 685 min HIV-li şəxs antiretrovirus müalicəsi ala bilibsə, bu ilin iyununda 20 milyon 900 min nəfər həyatlarını xilas edən dərmanlara çıxış əldə edib.

97 FAİZ AZ

Qurum bildirir ki, HIV-li şəxslərin cəsarəti və hüquqlarını tələb etmək qətiyyəti, eləcə də möhkəm və güclü liderlik, maliyyə öhdəliklərinin yerinə yetirilməsi olmasaydı, belə dramatik sıçrayış da baş verməzdi.

*** Buna da bax: 13 ilə AIDS-ə qalib gəlmək olarmı

Hesabatda qeyd olunur ki, müalicə alan şəxslərin sayının artması HIV-li şəxslərin sağ qalması, özünü yaxşı hiss etməsi deməkdir. Elmi araşdırmalar göstərir ki, effektiv antiretrovirus terapiyasına əməl edən HIV-li şəxs bu virusu 97% az keçirir.

Müalicənin miqyası artıq HIV-li hamilə qadınları da əhatələdiyindən, uşaqlar arasında yeni HIV infeksiyaları azalıb. 2010-2016-cı illərdə şərqi və cənubi Afrikada uşaqlar arasında yeni HIV-yə yoluxma halları 56% düşüb. Afrika HIV-yə ən çox yoluxmanın qeydə alındığı regiondur. Dünya üzrə azalma isə 47%-dir.

AZƏRBAYCANDA

“Sağlamlıq hüququ” adlı yeni hesabatda o da qeyd olunur ki, cəmiyyətdəHIV-yə ən çox yoluxmuş və ən çox təcrid olunanların tibbi və sosial xidmətlərə çıxış əldə etməsində də böyük problemlər var.

2017-ci ilin 9 ayında AIDS-lə Mübarizə Mərkəzində Azərbaycanda HIV-yə yoluxması yeni aşkarlanan insanların sayı 390 nəfər təşkil edib.

*** Buna da bax: Nigahöncəsi yoxlamadan keçənlərin uşağı xəstə doğuldu

Ümumilikdə, Azərbaycanda HIV infeksiyası təsdiqlənən 6 min 575 nəfər qeydiyyata götürülüb.

HIV müalicə olunmadıqda AIDS-ə gətirib çıxara bilər. AIDS (QİÇS) – qazanılmış immun çatışmazlığı sindromudur.