«Profisitli tədiyə balansı şəraitində valyuta bazarında manatın məzənnəsi sabitləşib».
Bunu bugün, noyabrın 21-i Milli Məclisin iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. Onun bildirməsinə görə, manat ilin əvvəlindən 4, fevral ayının sonundan isə 11.5 faiz möhkəmlənib.
E.Rüstəmov vurğulayıb ki, son 9 ayda milli valyuta əlavə möhkəmlənmə təzyiqi altında olub:
«Lakin manatın daha əhəmiyyətli möhkəmlənməsi bir sıra makro- və mikro risklərin reallaşmasına yol açardı. Mikroiqtisadi baxımdan rəqabət qabiliyyətinin aşağı düşməsi, makroiqtisadi baxımdan isə tədiyə balansının pisləşməsi, idxalın artması, xarici yeni şoklara qarşı həssaslığın yüksəlməsini qeyd etmək olar. Həyata keçirilən makroiqtisadi yenidən balanslaşma neft gəlirlərindən istifadəni əhəmiyyətli dərəcədə azaltmağa imkan verib. Neft Fondundan dövlət büdcəsinə transfertin həcmi pik ilindəkindən 3 dəfə azalıb və ölkənin strateji valyuta ehtiyatlarına həm nisbi, həm də mütləq qənaət edilib».
Hazırda 1 dollar 1.7002 manat dəyərindədir. Bu ilin əvvəlindən isə inflyasiyanın 14 faizə çatdığı bildirilir. Rəsmi olaraq təkcə ərzaq mallarının 18 faizə qədər bahalaşdığı açıqlanıb.