Kiyev şəhər Apellyasiya Məhkəməsi noyabrın 30-u saat 10-da Niderland vətəndaşı olan jurnalist Fikrət Hüseynli ilə bağlı prokurorluğun protestinə baxacaq. Bu barədə hazırda Ukraynada olan Fikrət Hüseynlinin özü məlumat verib.
F.Hüseynlini oktyabrın 14-ü Kiyevdən Düsseldorfa gedərkən Borispol hava limanında Ukrayna Sərhəd Xidmətinin əməkdaşları saxlayıb. Bu, Azərbaycanın sorğusu ilə İnterpolun «qırmızı bildirişlər» sisteminə daxil edilən axtarışa dair bilgilərlə izah edilib. O, Azərbaycan Cinayət Məcəlləsinin dələduzluq və sərhədi qanunsuz keçmək maddələri ilə ittiham olunur.
Oktyabrın 18-i Ukraynanın Borispol Şəhər Məhkəməsi ona 18 sutka həbs verib. F.Hüseynli ittihamları qəbul etmir, siyasi sifariş hesab edir.
Kiyevin Lukyanov Şəhər Məhkəməsi oktyabrın 27-də F.Hüseynlini Ukrayna Ali Radasının deputatı Mikola Knyajitskinin və ictimai fəal Boris Zaxarovun zaminliyinə verib. Hakim F.Hüseynlini məhkəmə zalından azadlığa buraxaraq, dövlət ittihamçısının jurnalistin Azərbaycana ekstradisiya vəsatətini rədd edib.
F.Hüseynlinin deməsinə görə, Kiyev prokurorluğu jurnalistin zamində olmasına dair məhkəmə qərarı ilə razılaşmır və protest verib.
«Hazırda Kiyevdəyəm. Hələ prokurorluq pasportumu qaytarmayıb. Bununla bağlı məhkəmə qərar verməlidir», - o qeyd edib.
F.Hüseynli istintaqın qərarına uyğun bu il dekabrın sonunadək Ukraynada qalmalıdır.
«Bundan sonra məhkəmə mənimlə bağlı yenidən qərar verməlidir», - deyə F.Hüseynli vurğulayıb.
F.Hüseynli hesab edir ki, onun məsələsinin diqqətdə saxlanması hazırda Ukraynada tutulan Özbəkistan və Qazaxıstandan olan jurnalistlərin işinə də aydınlıq gətirəcək. O, beynəlxalq təşkilatları bu məsələni diqqətdə saxlamağa səsləyib.
XATIRLATMA
F.Hüseynli Avropada siyasi mühacirlərin tədbirlərinə fəal şəkildə qatılırdı. Son vaxtlar Avropadan yayımlanan «Turan TV» peyk telekanalı ilə əməkdaşlıq edirdi.
F.Hüseynli müxalif «Azadlıq» qəzetinin əməkdaşı olarkən - 2006-cı ilin martında Bakının Badamdar qəsəbəsində naməlum maskalı şəxslərin hücumuna məruz qaldığını açıqlamışdı. Onun həmin vaxt döyüldüyü, bıçaqlandığı bildirilirdi. O, bundan sonra rəsmi şəkildə şikayət etsə də, baş verənlərə görə kimsə məsuliyyətə alınmamışdı. 2008-ci ilin əvvəllərində o, Azərbaycandan mühacirət edib.
Jurnalistin Ukraynada saxlanması və ona cinayət işinin açılması ilə bağlı açıqlamalarına hələlik Azərbaycan rəsmiləri hər hansı bir münasibət bildirməyiblər.