SOCAR Rusiya qazının alışını artırır

"Qazprom"

“SOCAR-ın və Azərbaycanın böyük qaz anbarı potensialı mövcuddur. Həmin potensialdan istifadə etmək məqsədilə xarici ölkələrdən, o cümlədən də Rusiyadan qaz alınır”.

SOCAR-ın ictimaiyyətlə əlaqələr üzrə rəsmisi İbrahim Əhmədov bu qurumun Rusiyanın “Qazprom” şirkətindən 1,6 mlrd. kubmetr həcmində qaz alması ilə bağlı əldə olunmuş razılığı şərh edərkən belə deyib.

APA-nın xəbərinə görə, İ.Əhmədov bildirib ki, SOCAR-ın anbarları xaricdən müxtəlif həcmlərdə qaz almağa imkan verir.

“Bu qaz həcmləri sonradan zəruriyyətə və ehtiyaca görə istifadə olunacaq”, - deyən SOCAR rəsmisi bildirib ki, alınan qaz xarici bazara da ixrac edilə, daxili bazarda da istifadə oluna bilər.

Buna da bax:​ Monteneqrodakı Azərbaycan şirkəti: əvvəl SOCAR, indi 'Ataholding'

SOCAR və Rusiyanın “Qazprom” şirkəti Azərbaycana təbii qazın tədarükünün bərpa edilməsi ilə bağlı razılığa gəlib. Müqavilənin noyabrın 21-i imzalandığı, təbii qazın tədarükünə noyabrın 22-dən başlanacağı bildirilir. Müqaviləyə əsasən, SOCAR 1,6 mlrd. kubmetr həcmində Rusiyadan qazı almalıdır.

Ancaq Rusiyadan alınacaq qazın qiyməti açıqlanmır.

Xatırlatma

Hələ ötən ilin yayında “Qazprom"un İdarə Heyətinin sədri Aleksey Miller bildirmişdi ki, qazın qiymətində razılığa gəlinsə, bu məsələ SOCAR-la müzakirə ediləcək.

“İndi tərəflər qaz nəqlinin 3-5 milyard kubmetr artırılmasında maraqlıdır”, – A.Miller demişdi.

Azərbaycanın Rusiyadan qaz alması mövzusu uzun zamandır ki, gündəmdə idi. Ötən il SOCAR prezidenti Rövnəq Abdullayev də jurnalistlərə demişdi ki, Azərbaycan Rusiya qazının idxalı ilə bağlı təkliflərini “Qazprom”a təqdim edib.

Ancaq bəzi müstəqil iqtisadçılar düşünür ki, bu ticarət Azərbaycandan çox Rusiyaya lazımdır. Onlar deyir ki, Azərbaycan özü Gürcüstana qaz nəqlini artırıb.

“Azərbaycanın qaza ehtiyacı var idisə Gürcüstana güzəştli şəkildə əlavə qaz satmağa nə ehtiyac var idi?” – müstəqil iqtisadçılar sual edir.