Azərbaycana idxal edilən bəzi minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumunun gələn ilin ilk günündən dəyişəcəyi bildirilir.
APA-nın xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin noyabrın 17-də təsdiq etdiyi «Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri» ilə bağlı qərarında bildirilir.
Hazırda qüvvədə olan qərara əsasən, mühərrikinin silindrlərinin işlək hissəsinin həcmi 1500 kubsantimetrdən çox, lakin 1800 kubsantimetrdən çox olmayan təzə minik avtomobilləri üçün idxal gömrük rüsumu mühərrikin həcminin hər 1 kubsantimetri üçün 0.40 dollardır. İstismar olunmuş belə avtomobillərin mühərrikinin həcminin hər 1 kubsantimetri üçün isə 0.70 dollardır.
Mühərrikinin silindrinin işlək hissəsinin həcmi 1800 kubsantimetrdən çox, lakin 3000 kubsantimetrdən çox olmayan və mühərrikinin silindrlərinin işçi həcmi 3000 kubsantimetrdən çox olan avtomobillər üçün də idxal gömrük rüsumu eyni məbləğdədir.
Yeni qərara əsasən, sadalanan mühərrik gücünə malik avtomobillərdən ötrü idxal gömrük rüsumu artırılıb. Bu kateqoriyalardan olan təzə minik avtomobillərindən ötrü idxal gömrük rüsumu mühərrikin həcminin hər 1 kubsantimetri üçün 0.70 dollar müəyyən edilir. İstismar olunmuş belə avtomobillərin mühərrikinin həcminin hər 1 kubsantimetri üçün isə gömrük rüsumu 1.2 dollar olacaq.