“Fastfud restoranları xarici agent sayılsın”

Moskvada McDonald's-ın qarşısında növbə, 1992

Rusiya Dövlət Dumasının deputatı Boris Chernishev təklif edir ki, McDonald's, KFC və ölkədəki digər fastfud restoranları xarici agent sayılsın, məhsullarına isə xarici agent məhsulu markası vurulsun.

Deputat bununla bağlı Rospotrebnadzor rəhbəri Anna Popova və Roskomnadzor başçısı Alexander Jarov-a məktub göndərib. Deputat özü xəbəri AzadlıqRadiosunun rus xidmətinə təsdiqləyib.

Deputat hesab edir ki, fastfud restoranları və onların “aqressiv reklamı” rusiyalılara zərərli yemək adətləri və yad dəyərlər aşılayır, onların “ənənəvi rus mətbəxinə” marağı azalır. Chernishev onu da vurğulayıb ki, ayaqüstü yemək restoranlarında daimi qidalanmaq daxili orqanların xəstəliklərinə və piylənməyə yol açır.

Bu təşəbbüs nəzərə alınarsa, federal qanunvericiliyə əlavələr hazırlana bilər. Deputatın fikrincə, fastfud şəbəkələrinin fəaliyyəti məhdudlaşdırılarsa, ayaqüstü yemək tələbatını ölkənin kiçik biznes təmsilçiləri ödəyə bilər.

Yazda Rusiyanın Səhiyyə Nazirliyi fastfud, qazlı sular və şirniyyatların reklamını məhdudlaşdırmağı təklif edirdi. Ancaq Rabitə və Kütləvi Kommunikasiya nazirliyində bu təşəbbüs dəstəklənmədi, bildirildi ki, dövlət istehlakçının yerinə düşünməməlidir.