Pakistanda islamçılar hökumətlə razılığa gəlib

Pakistanda yürüş, 26 noyabr, 2017-ci il

Pakistanda islamçı fəallar həftələrdir davam edən etirazları dayandıracaqlarını deyirlər. Onlar artıq hökumətlə ölkənin hüquq nazirinin istefasıyla bağlı razılığa gəldiklərini deyirlər.

“Əsas tələbimiz qəbul olunub”, – Tehreek-e Labaik Ya Rasool Allah qrupunun sözçüsü Ejaz Ashrafi noyabrın 27-də “Reuters” informasiya agentliyinə deyib.

“Hökumət hüquq nazirinin istefasını elan edəcək və biz bu gün oturaq aksiyanı bitirəcəyik”, – o, sözlərinə əlavə edib.

Son günlər etirazlar zorakılıqla müşahidə olunurdu, islamçı qrup paytaxta girişi bağlamışdı, toqquşmalarda altı nəfər ölmüş, 200 nəfər yaralanmışdı.

İslamçılar nazir Zahid Hamid-i küfrlə bağlı yeni qanun layihəsində Məhəmməd peyğəmbərin adının çəkilməməsinə görə ittiham edirlər. Hamid üzr istəyib, bunu səhv adlandırıb.

Dövlətə məxsus PTV xəbər kanalı və digər media noyabrın 27-də yazıb ki Hamid artıq istefasını baş nazir Shahid Khaqan Abbasi-yə təqdim edib.