Noyabrın 27-də Papa Francis-in Birma (Myanma) və Banqladeşə altı günlük səfəri başlanıb. O, ilk olaraq Ranquna gedib. Birmadan minlərlə katolik papanı qarşılamağa Ranquna (həm də Yanqon kimi tanınır) toplaşıb.
Papanın Birmanın ordu rəhbəri, general Min Aung Hlaing və mülki lideri, Nobel sülh mükafatı laureatı Aung San Suu Kyi ilə görüşlərdə rohinca qaçqın böhranını müzakirə edəcəyi gözlənir.
Jurnalistlərin sözlərinə görə, əsas məsələ papanın “rohinca” sözünü açıq şəkildə söyləyib-söyləməyəcəyidir.
Son üç ayda Birmanın Raxin ştatından 620 mindən çox rohinca müsəlmanı Banqladeşə qaçıb. Birləşmiş Ştatlar və BMT bunu “etnik təmizləmə” adlandırıb.
Buddist çoxluğunun yaşadığı Birmada zorakılıq Raxin ştatında rohinca yaraqlıların hücumlarından sonra başlanıb.
Ordu dinc vətəndaşları hədəfə almadığını, ancaq yaraqlılara qarşı əməliyyat apardığını bildirir.
Birmada 660 mindən çox katolik yaşayır. Onlar ölkənin 53 milyonluq əhalisinin 1 faizindən çoxunu təşkil edirlər. Bəzi katolik liderləri bu dini kəsimin ayrıseçkiliklə üzləşdiyini bildirir.