Müsavatçı Şüvəlan təcridxanasına yerləşdirilib

Əlikram Xurşidov

«Müsavat Partiyası Şirvan şəhər təşkilatının sədri Əlikram Xurşidovun durumu normaldır».

Bunu, bu gün, noyabrın 27-də həbsdəki müsavatçı ilə görüşən vəkili Nemət Kərimli deyib.

Vəkilinin deməsinə görə, Şirvan Şəhər Məhkəməsinin qərarı ilə barəsində məhkəməyəqədər həbs-qətimkan tədbiri seçilən müsavatçı artıq Şüvəlan İstintaq Təcridxanasına köçürülüb.

«Onu hələlik «karantin»də saxlayırlar. Bu gün, noyabrın 27-si «karantin»dən çıxarılacağı və kameraya yerləşdiriləcəyi gözlənilir», - vəkil deyib.

Vəkilin bildirməsinə görə, özünü normal hiss edən Xurşidov barəsində yuxarı məhkəmə orqanlarına şikayət veriləcək.

XATIRLATMA

Ə.Xurşidov Müsavat Partiyasının Şirvan şəhər təşkilatının sədridir. Onu noyabrın 22-si axşam saatlarında Şirvanda polislər saxlamışdı.

Noyabrın 24-də ona qarşı rəsmi ittiham irəli sürülüb. Müsavat Partiyasının Şirvan təşkilatının sədrini Cinayət Məcəlləsinin 221.2.2 və 221.2.3 maddələri ilə (xuliqanlıq) ittiham edirlər.

Noyabrın 24-ü Şirvan Şəhər Məhkəməsi müsavatçı barəsində 3 aylıq məhkəməyəqədər həbs qərarı verib.

Müsavat Partiyasının təmsilçiləri isə bəyan edib ki, Ə.Xurşidov bu günlərdə özünün Facebook səhifəsində Şirvan şəhərində vətəndaşların inzibati üsullarla Yeni Azərbaycan Partiyasına (YAP) üzv yazdırılması haqda status paylaşıb. Partiya hesab edir ki, onun həbsi də elə statusları, tənqidi mövqeyi ilə bağlıdır.

Hakim YAP haqda bundan əvvəl də belə fikirlər səslənib. Ancaq bu partiya, bir qayda olaraq, belə iddiaları təkzib edir. Bu il yaradılmasının 25 illiyi qeyd edilən YAP-ın 700 mindən çox üzvünün olduğu deyilir.