İpəkçiliklə bağlı dövlət proqramı təsdiqlənib

Şəki ipək kombinatı (arxiv fotosu)

2018-2025-ci illərdə Azərbaycanda baramaçılığın və ipəkçiliyin inkişafı ilə bağlı dövlət proqramı həyata keçiriləcək.

Prezident İlham Əliyev bu gün, noyabrın 27-si həmin dövlət proqramının təsdiq edilməsi ilə bağlı sərəncam imzalayıb.

Sənəddə maliyyə, iqtisadiyyat nazirliklərinə tapşırılıb ki, hər il dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində proqramın maliyyələşdirilməsi məqsədi ilə maliyyə vəsaitinin nəzərdə tutulmasından ötrü zəruri tədbirlər görsünlər.

Buna da bax: İlham Əliyev: 'İndi bizim təcrübəmiz öyrənilir'

Proqramda nəzərdə tutulan tədbirlərin keçirilməsini Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə əlaqələndirəcək. Onların üzərində həmçinin, ölkə başçısını bilgiləndirmək vəzifəsi də qoyulub.

Xatırlatma

Hökumət, hələ ötən ildən ipəkçiliyə diqqətin artırılmasını prioritet elan edib.

Prezident ötən il noyabrın 16-da ipəkçiliyin və fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalamışdı.

Bildirildiyinə görə, sərəncamın məqsədi ipəkçiliyin və fındıqçılığın potensial imkanlarından səmərəli istifadə edilməsi, məhsul istehsalına əhalinin marağının artırılmasıdır.

Həmin sərəncamda barama toxumlarına 163 min, tut tinglərinə 600 min, fındıq pöhrələrinin alınmasına isə 700 min manat ödənilməsi nəzərdə tutulurdu.

Ölkə başçısı bu il oktyabrın 6-da “İpəkçiliyin inkişafına dövlət dəstəyinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam da imzalayıb.

Həmin sərəncama görə, Kənd Təsərrüfatı Nazirliyi tut tinglərinin, barama toxumlarının tədarük edilməsi və məhsul istehsalçılarına əvəzsiz verilməsinə 1,05 milyon (bir milyon əlli min) manat sərf edəcək.

Həmin vəsaitin 775 min manatı tut tinglərinin, 275 min manat isə barama toxumlarının alınmasına yönəldilməlidir.