Türkiyədə 360 nəfərin həbsinə order çıxarılıb

Uğursuz çevriliş cəhdinin ildönümü yürüşündən foto, iyul, 2017-ci il

Türkiyədə prokurorlar 360 nəfər barəsində həbs orderi çıxarıblar. Anadolu xəbər agentliyinin noyabrın 29-da bildirməsinə görə, ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gulen-in orduda şübhəli tərəfdarlarını hədəfləyən əməliyyat keçirilib.

Məlumata görə, həbs olunacaq şəxslərin 333 nəfəri əsgərlərdir.

Prezident Recep Tayyip Erdogan hökuməti Gulen və şəbəkəsini ötən ilin iyulundakı uğursuz çevriliş cəhdinə görə ittiham edir. Gulen ittihamları rədd edir.

İstanbul polisinin şübhəliləri tutmaq üçün əməliyyatları davam etdirdiyi bildirilir. Dogan agentliyi yazır ki, barəsində həbs orderi çıxarılanlardan yeddisi pilotdur.

İndiyədək Gulen-lə əlaqələrdə şübhəli bilinən 50 mindən çox adam saxlanıb, məhkəməsini gözləyir. 150 min nəfər işdən çıxarılıb.

İyuldakı çevriliş cəhdində 250 nəfər öldürülüb.

Ötən həftə də istintaq çərçivəsində 700-dək şəxs saxlanıb.

Türkiyənin Qərbdəki müttəfiqləri və insan haqları qrupları Ankaranın bu istintaqdan sui-istifadə edərək narazıları susdurmasından narahatlıq dilə gətiriblər.