'Atrabank'ın keçmiş sədrinin həbs olunduğu bildirilir

Atrabank

Ləğvetmə prosesində olan “Atrabank” ASC-nin İdarə Heyətinin keçmiş sədri həbs edilib.

Bu haqda Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında yazılır.

Prokurorluq bildirir ki, “Atrabank”ın keçmiş vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə məlumatları Əmanətlərin Siğortalanması Fondu təqdim edib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırmalar əsasında “Atrabank”ın İdarə Heyətinin keçmiş sədri Elmixan Nəbiyevin qanunsuzluğa yol verdiyi iddia olunub.

Buna da bax:​ Beynəlxalq Bank özəlləşdirilməyə hazırlanır

Prokurorluq bildirir ki, o, xidməti vəzifələrinin icrası ilə əlaqədar özünə qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən istifadə edib. Onun bank sahəsində qüvvədə olan qanunvericiliyi pozduğu vurğulanıb.

Üstəlik, E.Nəbiyevin yaxın münasibətləri olduğu ayrı-ayrı şəxslərin adına rəsmiləşdirilmiş formal özəl müəssisələr təşkil etdiyi bildirilir. Prokurorluğun məlumatında belə müəssisələr kimi “Kristal Fermer”, “Günel-R”, “Bəyaz” firmalarının adları çəkilir.

İddia edilir ki, “Kristal Fermer”in direktorunun adına 3.500.000, “Günel-R” və “Bəyaz” firmalarının direktorlarının hər birinin adına isə 1 milyon, ümumilikdə də 6 milyon 705 min 600 manat məbləğində qanunsuz kreditlər rəsmiləşdirilib.

Buna da bax:​ Dövlət gələn ildən Beynəlxalq bankın borclarını ödəməyə başlayır [video]

Prokurorluq qeyd edir ki, həmin faktlarla əlaqədar, E. Nəbiyevə Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib. Onun barəsində həbs qətimkan tədbiri seçildiyi bildirilir.

Baş Prokurorluğun bu açıqlamasına Elmixan Nəbiyevin, onun vəkilinin və adı keçən başqa şəxslərin münasibətini almaq, hələlik, mümkün olmayıb.

Buna da bax: Vahid Əhmədov: 'MDB-də ən böyük kredit faizləri Azərbaycandadır'

2016-cı ildə “Atrabank” ASC və daha 10 bankın lisenziyası ləğv edilib. Bu onların öhdəlikləri yerinə yetirə bilməmələri ilə izah edilib.