İki futbolçu danışılmış oyunda günahlandirılır

Futbol

Azərbaycan Premyer Liqasında çıxış edən «Keşlə» klubunun iki futbolçusunun saxlandığı bildirilir.

Bu barədə «Report»a klubunun prezidenti Zaur Axundov məlumat verib. O bildirib ki, Nizami HacıyevMirhüseyn Seyidov danışılmış oyunlarda şübhəli bilindiklərinə görə saxlanılıblar.

Klub rəhbərinin bildirməsinə görə, belə bir tədbir Azərbaycan Respublikası Cinayət Məcəlləsinə edilən dəyişikliklərə uyğun olaraq görülüb:

«Hər ikisi hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hadisə barədə dünən axşam (noyabrın 29-u) xəbər tutmuşuq. Onların harada saxlanıldıqlarını bilmirik. Əlavə məlumat olan kimi mətbuata bildirəcəyik. Biz tərəfdən hüquq-mühafizə orqanlarına heç bir müraciət olunmayıb. Bu, sırf hüquq-mühafizə orqanlarının tədbiridir. Günahları sübuta yetirilsə, cəzalanacaqlar. Günahsız olsalar, futbolçu karyeralarını davam etdirəcəklər. Bu məsələ təsdiqini tapsa, Azərbaycan futbolu üçün böyük ləkə olacaq».

Ancaq hüquq-mühafizə orqanları futbolçuların saxlanması ilə bağlı məlumatı təsdiq etməyiblər.

İttihamlara hələlik sözügedən futbolçular – N.Hacıyevlə M.Seyidovdan və ya vəkillərindən münasibət almaq mümkün olmayıb.

Söhbət Premyer Liqanın XIII turu çərçivəsində baş tutan «Neftçi» – «Keşlə» oyunu ilə bağlı iddialardan gedir. Həmin oyunda «Neftçi» 3:1 hesabı ilə qalib gəlib.

«Keşlə» klubu yaxın vaxtlara qədər «İnter» adını daşıyıb. «İnter»in əvvəllər sponsoru Azərbaycan Beynəlxalq Bankı (ABB) olub. ABB ətrafında qalmaqallardan sonra klubda maliyyə problemləri yaranıb.

Hazırda klub 8 xalla 7-ci yerdədir. Azərbaycan Premyer Liqasında cəmi 8 klub təmsil olunur.