Azərbaycan və Əfqanıstan arasında sənədlər imzalanıb

Məhəmməd Əşrəf Qani və İlham Əliyev

Dekabrın 1-i Azərbaycan prezidenti İlham Əliyev və Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qaninin iştirakı ilə iki ölkə arasında sənədlərinin imzalanması mərasimi keçirilib.

İki ölkənin hökumətləri arasında iqtisadi-ticarət, sərmayələrin təşviqi və qarşılıqlı qorunması sahələrində əməkdaşlıq müqaviləsi imzalanıb. Bundan başqa, təhsil, hava, təhlükəsizlik və hüquqi mühafizə fəaliyyəti haqqında da sazişlər bağlanıb.

Dekabrın 1-i Azərbaycan prezidenti İ.Əliyevin Əfqanıstan İslam Respublikasının prezidenti M.Ə.Qani ilə təkbətək görüşü olub. Görüşdə iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Bakıda keçirilən «Asiyanın Qəlbi – İstanbul Prosesi» çərçivəsində 7-ci nazirlər konfransının əhəmiyyəti qeyd edilib. Bu səfərin münasibətlərin daha da genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Görüşdə qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər müzakirə edilib.

Əfqanıstan prezidenti noyabrın 30-da Azərbaycana gəlib. Səfərdə məqsəd bu gün, dekabrın 1-i Bakıda keçirilən «Asiyanın Qəlbi – İstanbul Prosesi» çərçivəsində 7-ci nazirlər konfransında iştirak etmək olub.

«Asiyanın qəlbi» konfransı hər il xarici işlər nazirləri səviyyəsində keçirilir və «İstanbul prosesi» adlanır. Bu formatda ilk konfrans 2011-ci ilin noyabrında İstanbulda keçirilib. «İstanbul prosesi»nin məqsədi praktik qarşılıqlı inkişaf vasitəsilə Əfqanıstanda vəziyyətin sabitləşdirilməsinə nail olmaqdır.

«Asiyanın Qəlbi - İstanbul Prosesi»nə Əfqanıstan, Azərbaycan, Çin, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri və BMT daxildir.