'Qarabağ'ın bu il Çempionlar Liqasında son sınağı

«Qarabağ» klubu

Bu gün, dekabrın 5-i Azərbaycan çempionu «Qarabağ» klubu 2017/18 mövsümündə Çempionlar Liqasında son oyununu keçirəcək. Ağdam təmsilçisi qrup mərhələsinin VI turu çərçivəsində «Roma»nın qonağı olacaq.

Azərbaycan tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə yüksələn «Qarabağ» indiyə kimi qrupda keçirdiyi 5 oyunda cəmi 2 xal qazanıb. Hazırda öz qrupunda sonuncu yerdə qərarlaşıb.

Romanın eyni adlı klubu ilə Bakıda keçirilən qarşılaşmada Ağdam təmsilçiləri 1:2 hesabı ilə məğlub olmuşdular. Azərbaycan Premyer Liqasının qalibi yalnız İspaniya «Atletiko»suna hər iki görüşdə gücünü göstərə bilib. Hər iki oyun heç-heçə başa çatıb. Buna rəğmən, artıq «Qarabağ»ın qrup sonuncusu olması dəqiqləşib. Romada baş tutacaq görüş Ağdam klubundan ötrü bir növ formal xarakter daşıyır. Roma təmsilçisi isə növbəti mərhələyə yüksəlməkdən ötrü «Qarabağ»ı məğlub etməlidir. Əks halda, Çempionlar Liqasında yoluna davam etməyə bilər. Bu «Çelsi» və «Atletiko» qarşılaşmasının nəticəsindən asılı olacaq.

Oyun Bakı vaxtı ilə 23:45-də başlayacaq. Hazırda qrupa 10 xalla «Çelsi» rəhbərlik edir. «Roma»nın 8, «Atletiko»nun isə 6 xalı var.