Azərbaycana idxal edilən qəzet kağızı idxalının gömrük rüsumundan tam azad edildiyi bildirilir. Yeni qaydanın gələn il yanvarın 1-dən qüvvəyə minəcəyi qeyd edilir.
APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi «Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri»ndə nəzərdə tutulur.
Xəbərdə vurğulanır ki, hazırda qüvvədə olan qaydalara görə, rulonlarda və ya vərəq şəklində ölkəyə gətirilən qəzet kağızına 0.50 faiz gömrük rüsumu tətbiq edilir. Gələn il yanvarın 1-dən bu növ qəzet kağızına idxal gömrük rüsumu tətbiq olunmayacaq.
Yarımsellülozdan və saman kütləsindən büzmə üçün kağız da 0.50 faizlik idxal gömrük rüsumundan azad olunub.
Ancaq başqa kağızlara idxal gömrük rüsumu qüvvədə qalıb.
Xatırlatma
Nazirlər Kabineti son zamanlar bəzi mallara gömrük idxal rüsumlarını dəyişib.
Azərbaycana idxal edilən bəzi minik avtomobillərindən ötrü motorlarının gücündən asılı olaraq, gömrük rüsumları artırılıb. Artım təqribən 75 faiz olub.
Nazirlər Kabineti qızılgül və qərənfilə görə də gömrük rüsumunu artırıb. Bundan başqa, əksər tikinti materiallarının da idxal gömrük rüsumu dəyişdirilib.