AFFA daha bir şəxsə futbolu ömürlük yasaqladı

Futbol

Bu gün, dekabrın 6-sı Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) İntizam Komitəsinin iclası keçirilib.

AFFA-nın saytının yaydığı məlumata görə, yığıncaqda danışılmış oyunlarla bağlı növbəti sərt qərar verilib.

«İnter»in (hazırkı «Keşlə») və «Neftçi»nin sabiq əməkdaşı (məşqçi-metodist) Ağakişi Mehdizadəyə futbola aid hər bir məşğuliyyət ömürlük qadağan olunub. Qərar «Neftçi» PFK-nın rəsmi müraciəti, UEFA-dan daxil olmuş məlumatlar və AFFA-nın apardığı araşdırma ilə izah edilib.

«Oyunların idman nəticəsinin manipulyasiyasında fərdi iştirakına görə ona futbola aid hər bir məşğuliyyət ömürlük qadağan olunsun. Bu məsələ ilə bağlı şübhələrin mövcud olduğu digər şəxslər barədə araşdırma davam etdirilsin. Sanksiyaya məruz qalan tərəf bu qərarı aldıqdan sonra 15 gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına apellyasiya şikayəti verə bilər», - qərarda vurğulanır.

Hələlik qərara A.Mehdizadənin özünün münasibətini öyrənmək mümkün olmayıb.

Bu ayın əvvəlində AFFA «Keşlə»nin futbolçuları Nizami HacıyevMirhüseyn Seyidovu da eyni səbəblə ömürlük cəzalandırmışdı. Onlar bu qərara layiq olmadıqlarını, Azərbaycan futbolunda hansısa oyunların getdiyini bildirmişdilər.