Kitabların gömrük rüsumu artırılır

Kitab

Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən kitablara, qəzetlərə, reproduksiyalar və poliqrafiya sənayesinin digər məmulatlarına tətbiq edilən idxal gömrük rüsumlarının dəyişəcəyi bildirilir.

APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi «Azərbaycanın xarici iqtisadi fəaliyyətinin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri»ndə əksini tapıb.

Xəbərdə bildirilir ki, kitablar, broşürlər, qəzetlər, jurnallar və digər dövri nəşrlərə tətbiq edilən idxal gömrük rüsumları 5 faiz olacaq (hazırda 3 faizdir).

Uşaq kitabları, atlaslar, divar xəritələri, topoqrafik planlar və qlobuslara tətbiq edilən 0.50 faiz idxal gömrük rüsumu isə ləğv olunub.

Xatırlatma

Nazirlər Kabineti son zamanlar bəzi mallara gömrük idxal rüsumlarını dəyişib.

Azərbaycana idxal edilən qəzet kağızları idxal gömrük rüsumundan azad edilib.

Ancaq bəzi minik avtomobillər üçün motorlarının gücündən asılı olaraq, gömrük rüsumları artırılıb. Artım təqribən 75 faiz olub.

Nazirlər Kabineti qızılgül və qərənfilə görə də gömrük rüsumunu artırıb. Bundan başqa, əksər tikinti materiallarının da idxal gömrük rüsumu dəyişdirilib.