Azərbaycan İsrail-Fələstin münaqişəsində sülh istəyir

XİN

«Azərbaycan İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir».

Bunu Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, Azərbaycan Şərqi Qüdsün Fələstin dövlətinin paytaxtı olmaqla, məsələnin iki dövlət əsasında həllinin tərəfdarıdır.

«Biz cəlb olunmuş bütün tərəfləri məsələ ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə riayət etməyə çağırırıq», - deyə H.Hacıyev əlavə edib.

İsrail-Fələstin problemi 1948-ci ildən başlamaqla müasir dünyanın ən «uzunömürlü» münaqişələrindən biri sayılır. Bu münaqişə bir neçə dönəmlərdə müharibə ilə müşahidə edilib. Qüds şəhərinə hər iki tərəf iddia edir. Hazırda şəhər İsrailin nəzarətindədir.

BMT Təhlükəsizlik Şurası bu münaqişənin həlli məqsədilə çoxsaylı qətnamələr qəbul etsə də, tərəflər onlara əməl etməyiblər.

Dekabrın 6-da isə ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bəyan edib. Bununla bağlı hələ Bill Klinton ABŞ prezidenti olarkən qanun imzalansa da, bunun icrası təhlükəsizlik baxımından ertələnirdi.