450 milyon dollarlıq əsəri kim alıb?

Salvator Mundi

Bu yaxınlarda Leonardo da Vinci-nin 450 milyon dollara satılmış “Salvator Mundi” əsərinin yeni sahibinin adı gizli qalmışdı. “The New York Times” qəzeti yazır ki, əsərin alıcısı az tanınmış Səudiyyə şahzadəsidir. O, kral ailəsinin uzaq üzvlərindən biridir.

Şahzadə Bader bin Abdullah bin Mohammed bin Farhan al-Saud elə də yaxşı tanınmayıb, kolleksioner kimi də ad çıxarmayıb.

VƏLİƏHD ŞAHZADƏNİN DOSTU

Ötən ay hərracda 450,3 milyon dollara satılmış “Salvator Mundi”ni Şahzadə Bader-in aldığını qəzetin əməkdaşı sənədlərdən öyrənib. Maraqlıdır ki, bu bahalı alış Səudiyyə Ərəbistanında saray intriqalarıyla eyni vaxta düşür. Şahzadə Bader-in İsa peyğəmbərin portretini aldığı bir vaxtda Səudiyyə elitasının bir çox üzvləri korrupsiya və sərvətyığma ittihamlarıyla üzləşir.

Maraqlıdır ki, Şahzadə Bader bu kampaniyanın başında duran, 32 yaşlı vəliəhd şahzadə Mohammed bin Salman-ın dostu və müttəfiqidir.

Qəzet yazır ki, 450 milyon dollarlıq alver Səudiyyədəki təqib kampaniyasının selektiv xarakterli olduğunu göstərir. Vəliəhd şahzadənin tərəfdarları onu islahatçı kimi qələmə verir. Ancaq son bir ayın həbslərinin müasir Səudiyyə Ərəbistanı tarixində misli görünməyib. Qərb ölkələrinin çoxu dünyanın ən böyük neft istehsalçısı olan ölkədə siyasi sabitlik sarıdan narahat olmağa başlayıblar.

Məqalə müəllifi Şahzadə Mohammed-in yaxın dostunun belə bir bahalı əsəri almasına diqqət çəkir. İki il öncə şahzadə Fransanın cənubunda yarım milyard dollara yaxta əldə etmişdi.

*** Buna da bax: İsa peyğəmbərin portreti 450 milyon dollara satılıb

ƏSƏR ƏBU-DABİYƏ GEDİR

“Salvator Mundi”nin satıldığı Christie’s hərracının sözçüsü alıcılar və satıcılar barədə onların icazəsi olmadan danışmayacağını deyib. Şahzadə Bader də şərh verməyib. Ancaq Luvr muzeyinin Əbu Dabidə açılmış filialı Twitter-də yazıb ki, bu əsər “Luvr Əbu Dabiyə gəlir”.

Müəllif Səudiyyənin vəliəhd şahzadəsinin Əbu Dabidəki həmkarıyla dost olduğunu vurğulayır.

Qəzet Səudiyyə Ərəbistanından əldə etdiyi sənədlərə əsasən yazır ki, Şahzadə Bader-in təmsilçiləri satışdan bir gün öncəyədək onun adını verməyiblər. O qədər az tanınıb ki, Christie’s rəsmiləri də onun kimliyini, maliyyə imkanlarını müəyyənləşdirməyə çalışıblar.

Hətta 100 milyon dollarlıq depozit qoyandan sonra belə hərracın hüquqşünasları onun pulu haradan əldə etməsi və Səudiyyə kralı Salman-la əlaqələrini müəyyənləşdirməyə cəhd göstəriblər.

Şahzadə Bader pulu daşınmaz əmlakdan qazandığını, 5 min şahzadədən biri olduğunu deyib.

Noyabrn 4-dən Səudiyyənin vəliəhd şahzadəsi 200-dən çox varlı şahzadə, biznesmen və hökumət rəsmisinə qarşı kampaniyaya başlayıb. Onlardan çoxu korrupsiyada ittiham olunub. Şahzadə Mohammed qanunsuz qazanıldığı iddia olunan yüz milyardlarla dolları müsadirə etməyə çalışır.