'Turan'ın Vergilər Nazirliyi ilə bağlı şikayəti rədd edilib

«Turan»

Bu gün, dekabrın 7-si Bakı Apellyasiya Məhkəməsi “Turan” agentliyinin şikayətini təmin etməyib.

Məhkəmə heyəti agentliyinin Vergilər Nazirliyinə qarşı iddiasını təmin etməyən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

İddiada 2010-2017-ci illər üzrə agentlikdə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi barədə qərarın etibarsız və qanunsuz hesab edilməsi xahiş edilirdi. 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Müseyib Bayramov oktyabrda iddianı qeyri-mümkün hesab etmişdi.

Apellyasiya şikayətinə hakim Vidadi Məmmədovun sədrlik etdiyi məhkəmə kollegiyası baxıb. Məhkəmə 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Agentliyin vəkili Fuad Ağayev məhkəmədən sonra cavabdehin dəlilləri və məhkəmənin qərarı ilə razı olmadığını bildirib.

O, qeyd edib ki, Ali Məhkəməyə kassasiya şikayəti veriləcək.

Xatırlatma

Vergilər Nazirliyinin Lokal Gəlirlər Departamenti avqustun 7-də “Turan” agentliyini 2014-2016-cı illər üzrə 27 min manat vergidən yayınmada ittiham edib. Üstəlik, buna cərimə də əlavə edilib. Agentliyə qarşı cinayət işi açılıb.

Avqustun 24-də agentliyin direktoru Mehman Əliyev həbs edilib. Sentyabrın 11-də Bakı şəhərindən çıxmamaq haqqında iltizam alınaraq o azad edilib.

Oktyabrın 30-da Vergilər Nazirliyi cinayət işinə xitam verib, noyabrın 2-də isə Baş Prokurorluq da bunu təsdiqləyib.

Bu il noyabrın 8-də vergilər nazirliyi sistemində agentliyin poçt qutusuna vergidən yayınma və cəriməyə dair iddianın tam ləğv edilməsi barədə bildiriş gəlib. Həmçinin, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin 2010-2017-ci illər üzrə səyyar vergi yoxlaması ilə bağlı 16 avqust tarixli qərarının ləğvi haqda nazir müavini İlkin Vəliyevin məktubu daxil olub.

Yoxlamanın ləğvi barədə 6 noyabr tarixli rəsmi qərar agentliyə noyabrın 13-də çatıb.

Ancaq agentlik vergidən yayınma və cərimə barədə Lokal Vergilər Departamentinin qərarının ləğvi haqda rəsmi təsdiq məktubunu, hələlik, almayıb. Agentliklə nazirlik arasında buna görə də məhkəmə mübahisəsi var. Həmin iş üzrə məhkəmə prosesi dekabrın 19-da davam edəcək.