Prezidentdən məhbusların əfvi istənilir

Novella Cəfəroğlu

Hüquq müdafiəçiləri Ümumdünya İnsan Haqları Bəyannaməsinin 70 illiyi ərəfəsində bir sıra məhbusların azad edilməsini istəyir. Bununla bağlı prezident İlham Əliyevə müraciət göndərilib.

Müraciətlə bağlı hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu məlumat verib.

Müraciətdə prezidentin çox çətin geopolitik şərtlər altında Azərbaycanın güclənməsindən ötrü işlər gördüyü, bu işlərin ölkədə vətəndaş sülhünə töhfə verdiyi vurğulanır. Eyni zamanda qeyd edilir ki, insan haqları sahəsində həllini gözləyən bir sıra problemlər var.

Müraciətdə bildirilir ki, 2018-ci ildə dünya Ümumdünya İnsan Haqları Bəyannaməsinin 70 illiyini qeyd edəcək. Hüquq müdafiəçiləri Azərbaycanın bu prosesdən kənarda qalmayacağını vurğulayır, ölkə başçısından bu il bir sıra məhbusların azad edilməsini istəyirlər.

«Sizə müraciət edərək rəsmi Bakı ilə beynəlxalq qurumlar arasında müzakirə obyekti olan məhbusların azad edilməsini rica edirik. Sizin bu humanist addımınız biz hüquq müdafiəçilərinin bayramına böyük hədiyyə olar. Eyni zamanda, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində cəmiyyətdə vətəndaş sülhünün yaranmasına xidmət edər», - müraciətdə yazılır.

Müraciəti 7 hüquq müdafiəçisi imzalayıb.

Xatırlatma

Azərbaycanda siyasi məhbus siyahısı hazırlayan iki yerli qrup var. Hüquq müdafiəçiləri, keçmiş məhbuslardan ibarət olan həmin qruplar vaxtaşırı siyahı hazırlayıb yayırlar. Hər iki siyahı arasında say baxımından kiçik fərq var.

Adları siyahılara daxil edilmiş məhbusların sayı ümumən 150 civarındadır.

Azərbaycan hakimiyyəti rəsmiləri isə ölkədə siyasi məhbus olması fikri ilə razılaşmırlar. Onlar deyirlər ki, Azərbaycanda düşüncələrinə, siyasi mənsubiyyətinə görə heç kim həbs edilmir. Adları siyasi məhbus siyahısında yer alan insanlar törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Bir neçə siyasi məhbus sayılan şəxsin hüquqlarının pozulduğunu Avropa İnsan Hüquqları Məhkəməsi də tanıyıb.