Saakashvili Maydana yeni yürüş təyin edir

Mikheil Saakashvili Kiyevin mərkəzinə

Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa regionunun keçmiş qubernatoru Mikheil Saakashvili dekabrın 11-də Kiyevin mərkəzində nümayiş təyin edib. O, ukraynalıları paytaxtın mərkəzi meydanında etiraz etməyə çağırıb.

Bu həftə polis tərəfindən saxlanandan sonra tərəfdarları tərəfindən azad edilən Saakashvili dekabrın 7-də Facebook-da yazıb ki, səsi batıb və qızdırması var, amma bazar ertəsi Kiyevin Müstəqillik Meydanında (Maidan Nezalezhnosti) “yenə də yanınızda olacağam”.

Dekabrın 5-də tərəfdarlarının köməyilə polisin əlindən qurtulan Saakashvili yüzlərlə etirazçını parlamentə doğru aparıb və orada bir neçə min qarşısında prezident Petro Poroshenko-nun istefasını tələb edib. O, prezidenti “cinayətkar”, “Ukraynaya xəyanət edən” adlandırıb.

Baş prokuror Yuriy Lutsenko keçirdiyi brifinqdə iddia edib ki, Saakashvili-nin təşkil etdiyi etirazları Ukraynanın Rusiyada yaşayan keçmiş prezidenti Yanukovych-in rəhbərlik etdiyi “mütəşəkkil qrup” maliyyələşdirib. Saakashvili bu ittihamları saxta adlandırıb

Dekabrın 5-də prokurorlar Saakashvili-nin polisə təslim olmasından ötrü 24 saatlıq vaxt qoymuşdular. Bundan sonra hüquq-mühafizə orqanları Saakashvili-nin axtarışa verildiyini bildirib.

XATIRLATMA

Mikheil Saakashvili 2004-2013-cü illərdə Gürcüstanın prezident olub. Hazırda ölkəsində dövlət çevrilişinə cəhdin təşkilində şübhəli bilinir, amma özü ittihamları qəbul etmir.

2015-ci ildə Poroshenko Saakashvili-ni Odessanın qubernatoru təyin edib və ona Gürcüstan vətəndaşlığı verib. Saakshvili 2016-cı ilin noyabrında istefa verib, Poroshenko-nun müttəfiqlərinin onun islahat cəhdlərini əngəllədiyini söyləyib.

2017-ci ilin iyununda Poroshenko Saakashvili-ni vətəndaşlıqdan məhrum edib. Hazırda bu addıma qarşı məhkəmə iddiası qaldırmış Saakashvili sentyabrın 10-da Polşadan Ukraynaya keçib, siyasətə qayıtmağa and içib, etirazlara çağırıb.

Poroshenko etirazların əsl səbəbinin Ukraynada sabitsizlik yaratmaq olduğunu deyir.